Təcili tibbi yardım xidmətinin rəqəmsallaşdırılması üçün platforma hazırlanacaq

Sağlamlıq

19.12.2025 13:16

"Layihə çərçivəsində çağırışların qəbulu, yönləndirilməsi və briqadaların idarə olunması üçün vahid elektron platforma yaradılması üzrə işlərə başlanılıb". 

TodayPress TV xəbər verir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib. 

"Həmçinin GPS əsaslı izləmə mexanizmləri, xəritə üzərindən real vaxt idarəetmə, briqadaların yüklülüyünün avtomatik hesablanması və operativ marşrutlaşdırma kimi imkanlar tətbiqi ilə bağlı funksionallıqların yaradılması üzrə işlər hazırda davam etdirilir. Məlumat axınının tam elektronlaşdırılması gələcəkdə həm çağrışların emal sürətini artırmağa, həm də xidmətin şəffaflığı yüksəldilməsinə gətirib çıxaracaqdır. Bu rəqəmsal sistem təcili tibbi yardıma olan çağırışlara daha çevik reaksiya verilməsinə imkan yaradaraq institusional idarəetməni müasir standartlara uyğunlaşdırmaqda mühüm rol oynayacaq". 

İcraçı direktor əlavə edib ki, 2025-ci ildə “Şəkərli Diabet Elektron Reyestri” də yaradılıb:

“Bu reyestr ölkə üzrə diabet xəstələrinin vahid bazada idarə edilməsini mümkün edən strateji layihədir. Reyestr bütün tibb müəssisələrindən daxil olan məlumatları real vaxtda toplanılması və xəstələrin diaqnozu, laborator nəticələri, müalicə planları və dərman təminatı ilə bağlı informasiyaların birləşdirilməsinə şərait yaradır. Reyestr həmçinin səhiyyə idarəedilməsində analitik qərarların verilməsi üçün böyük məlumat mənbəyi funksiyasını daşıyır və kompleks xəstə qruplarının daha düzgün idarə olunmasına imkan yaradır".

Vüqar Qurbanov qeyd edib ki, nəticədə sənəd itkisi və gecikmə risklərini aradan qalxıb.

Türkan İsgəndərli

tag: Vüqar Qurbanov ,Reyestr ,TƏBİB,Rəqəmsal,Todaypress.tv,