Təbii, asılılıq yaratmayan ağrı kəsici mexanizm kəşf edildi

Sağlamlıq

15.11.2025 19:30

Lids Universitetinin rəhbərlik etdiyi yeni araşdırma insan orqanizmində opioidlərlə eyni təsiri göstərən, lakin asılılıq yaratmayan təbii ağrı kəsici mexanizmin mövcud olduğunu üzə çıxarıb.

TodayPress TV "Haber Global"a istinadən xəbər verir ki, tədqiqatlar bədənin benzodiazepinlərə bənzər xüsusi peptidlər istehsal edərək periferik sinir sistemində ağrı siqnallarını azalda bildiyini göstərir.

Bu peptidlər qan-beyin baryerini keçmədiyinə görə yuxululuq, qarışıqlıq və asılılıq kimi yan təsirlərə səbəb olmur.

Professor Nikita Qamper bildirib ki, mövcud opioid ağrıkəsicilər güclü olsa da, yüksək asılılıq riski daşıyır və daha təhlükəsiz alternativlərə böyük ehtiyac var.

Tədqiqatçılar qeyd edirlər ki, bu mexanizm gələcəkdə beyin fəaliyyətinə təsir etməyən, asılılıq yaratmayan və ağrını mənbəyində bloklayan yeni nəsil dərmanların hazırlanmasına şərait yarada bilər.

Araşdırma Journal of Clinical Investigation jurnalında dərc olunub və nöropatik ağrı üzrə yeni müalicə üsullarının inkişafını sürətləndirmək məqsədilə layihəyə əlavə maliyyə ayrılıb.

Jalə Rövşən

TodayPress TV


tag: Təbii ağrı kəsici mexanizm,Tədqiqat, Nikita Qamper,Araşdırma ,Todaypress.tv,