Solaryumdan istifadə xərçəng riskini 3 dəfə artırır
Sağlamlıq
29.12.2025 19:30
Amerikalı alimlərin araşdırmasına görə, solaryumdan istifadə dərinin ən təhlükəli xərçəng növü olan melanomanın yaranma riskini təxminən üç dəfə artırır.
TodayPress TV xəbər verir ki, tədqiqat "Science Advances" jurnalında dərc olunub.
Alimlər solaryumdan istifadə edən 3 min nəfərin tibbi məlumatlarını istifadə etməyənlərlə müqayisə ediblər. Nəticələrə əsasən, solaryumdan istifadə edənlərin 5 faizində melanoma aşkar edilib, istifadə etməyənlərdə isə bu göstərici 2 faiz olub. Digər risk amilləri nəzərə alındıqdan sonra da riskin 2,9 dəfə yüksək olduğu müəyyən edilib.
Araşdırma zamanı dəri biopsiyaları da incələnib. Məlum olub ki, solaryumdan istifadə edən insanların dəri hüceyrələrində mutasiyaların sayı təxminən iki dəfə çoxdur. Xüsusilə 30-40 yaşlı müntəzəm solaryum istifadəçilərində mutasiyaların yaşlı insanlardan daha çox olması alimləri narahat edir.
Mütəxəssislər bildirirlər ki, melanomaların böyük hissəsi ultrabənövşəyi şüalanma ilə bağlıdır. Buna görə də solaryumlar artıq siqaret və asbest kimi yüksək riskli kanserogenlər sırasına daxildir. Bir sıra ölkələrdə solaryumlar qadağan edilib və ya yetkinlik yaşına çatmayanlar üçün məhdudlaşdırılıb.
Tədqiqat müəllifləri solaryumdan uzaq durmağı və təhlükəsiz alternativ kimi UB şüası olmayan öz-özünə qaralma məhsullarından istifadə etməyi tövsiyə edirlər.
Türkan İsgəndərli
tag: Xərçəng,Dəri,Solaryum,Alim,Todaypress.tv,
