Siqaretdən və passiv tüstüdən uzaq durmaq KOAH riskini azaldır

Sağlamlıq

20.11.2025 19:15

20 noyabr — Dünya KOAH Günü ilə bağlı Pulmonoloq Dr. Tuba Çiftçi Küsbeci xəstəliyin əsas səbəbləri və qarşısının alınması ilə bağlı vacib məlumatlar verib.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, onun sözlərinə görə, tütün və tütün məmulatlarının istifadəsi KOAH-ın yaranmasında ən böyük risk faktorudur və xəstəlikdən qorunmağın ən təsirli yolu siqareti tərgitməkdir.

Dr. Küsbeci bildirib ki, KOAH tənəffüs yollarında hava axınının daralması ilə xarakterizə olunan xroniki bir xəstəlikdir. Nəfəs darlığı, iki aydan uzun sürən öskürək, bəlğəm artması və tez-tez təkrarlanan tənəffüs yolu infeksiyaları xəstəliyin əsas əlamətləridir.

Mütəxəssis KOAH-a səbəb ola biləcək digər risk faktorlarını da sadalayıb: hava çirkliliyi, iş yerlərində toz və kimyəvilərə məruz qalma, eləcə də nadir rastlanan genetik meyl.

Həkim vurğulayıb ki, KOAH tam sağalan xəstəlik olmasa da, erkən diaqnoz və düzgün müalicə ilə idarə oluna bilər. Müalicə əsasən nəfəs açıcı inhalyatorlar, ağciyər reabilitasiyası və infeksiyaların qarşısının alınmasına yönəlir.

Dr. Küsbeci KOAH xəstələrinə bu tövsiyələri verib:

– Siqareti dərhal buraxmaq

– Tüstü və kəskin qoxulardan uzaq durmaq

– Peyvəndləri vaxtında qəbul etmək

– Aktiv həyat tərzi saxlamaq

– Sağlam qidalanmaq və müntəzəm həkim müayinəsindən keçmək

O, erkən diaqnozun əhəmiyyətini vurğulayaraq əlavə edib ki, nəfəs darlığı və uzunmüddətli öskürək kimi əlamətlər hiss edilərsə, vaxt itirmədən həkimə müraciət edilməlidir.

Jalə Rövşən

TodayPress TV


tag: KOAH,Siqaret,Xəstəlik ,Mütəxəssis,Todaypress.tv,