Robotik texnologiya ilə əməliyyat baş tutdu

Sağlamlıq

22.01.2026 16:24

"Robotik cərrahiyyə sistemi yüksək təhlükəsizlik və effektivlik standartlarına cavab verən müasir texnologiyalar əsasında hazırlanmış qabaqcıl bir platformadır".

TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, sistem cərrahi konsol və yüksək keyfiyyətli robotik cərrahi əl alətləri ilə təchiz olunub ki, bu da müxtəlif növ əməliyyatların daha təhlükəsiz və dəqiq icrasına geniş imkanlar yaradır:

"Sistemin ən üstün cəhətlərindən biri uzaqdan idarəetmə və beynəlxalq texniki dəstək moduluna malik olmasıdır.

Əməliyyat zamanı hər hansı texniki və ya cərrahi çətinlik yarandığı təqdirdə, Türkiyədən əməkdaşlıq etdiyimiz mütəxəssislər və ya istehsalçı ölkənin ixtisaslı texniki və tibbi heyəti real vaxt rejimində sistemə qoşularaq yerli həkimlərə operativ və peşəkar dəstək göstərə bilərlər. Zərurət yarandıqda isə əməliyyatın icrasında birbaşa iştirak və onun tamamlanması da mümkündür".


İcraçı direktor vurğulayıb ki , robotik sistem özü heç bir qərar qəbul etmir. Bütün tibbi və cərrahi qərarlar mütəxəssis həkim tərəfindən qəbul olunur və proses tam şəkildə cərrahın nəzarəti altında həyata keçirilir:


"Robotik cərrahiyyənin tətbiqi əməliyyat zamanı qan itkisini əhəmiyyətli dərəcədə azaldır, minimal invaziv yanaşma sayəsində pasiyentlərdə ağrı səviyyəsi aşağı olur, sağalma prosesi daha sürətli keçir və əməliyyatdan sonrakı ağırlaşma riski minimuma endirilir. Bu sistem urologiya, xüsusilə prostat xərçəngi əməliyyatları, ginekologiya, ümumi cərrahiyyə, ürək cərrahiyyəsi və onkoloji sahələrdə geniş tətbiq imkanlarına malikdir.

Robotik cərrahiyyə sistemi çoxsaylı təhlükəsizlik mexanizmləri və sensorlarla təchiz olunub. Hər hansı texniki nasazlıq baş verdikdə sistem avtomatik olaraq fəaliyyətini dayandıraraq pasiyentin və tibb personalının təhlükəsizliyini tam təmin edir".

Vüqar Qurbanov qeyd edib ki, yeni klinikada bu sistemlə əməliyyatlara rəhbərlik edəcək həkim heyəti artıq xarici ölkələrdə ixtisaslaşmış təlim və kurslarda iştirak etmiş, robotik cərrahiyyənin texniki və klinik istismarına tam şəkildə yiyələnib.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Qurbanov,TƏBİB,Tədbir,Çıxış,Todaypress.tv,