Qripin yayılmasının qarşısını necə almaq olar?

Sağlamlıq

13.01.2026 18:45

Qrip xəstəsi ilə eyni otaqda olmaq, əgər istilik və ventilyasiya sistemləri aktiv şəkildə işləyirsə, hər zaman infeksiyaya yol açmır.

TodayPress TV xəbər verir ki, bu qənaətə Merilend Universitetinin alimləri gəliblər.

Tədqiqatda qrip virusu təsdiqlənmiş beş tələbə və on bir sağlam orta yaşlı könüllü iştirak edib. İştirakçılar iki həftə ərzində otelin təcrid olunmuş mərtəbəsində yaşayaraq gündəlik ünsiyyəti, söhbətləri və eyni otağı paylaşmağı simulyasiya ediblər. Yaxın təmasa baxmayaraq, sağlam könüllülərin heç biri xəstələnməyib.

Alimlər bunun bir neçə səbəblə bağlı olduğunu bildiriblər. Belə ki, yoluxmuş tələbələrdə öskürək az olub və havaya yayılan virus hissəciklərinin miqdarı minimal səviyyədə qalıb. Bundan əlavə, daimi ventilyasiya, qızdırıcılar və nəmləndiricilər otaqda virus konsentrasiyasının sürətlə azalmasına kömək edib. Digər mühüm amil isə iştirakçıların yaşı olub - orta yaşlı insanların qripə gənclərə nisbətən daha az həssas olduğu qeyd edilib.

Tədqiqatçılar vurğulayıblar ki, xüsusilə qapalı və havalandırılmayan məkanlarda öskürək virusun ötürülməsi üçün əsas risk faktoru olaraq qalır.

İnfeksiya riskini azaltmaq üçün alimlər zəif ventilyasiya olunan yerlərdə portativ hava təmizləyicilərindən istifadə etməyi və N95 tipli maskaların taxılmasını tövsiyə edirlər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Qrip,Xəstəlik,İnfeksiya,Ventilyasiya,Todaypress.tv,