Qrip mövsümü başlayıb: Kimlər risk altındadır?
Sağlamlıq
30.12.2025 17:36
Qış fəslinin gəlməsi ilə böyüklər, eləcə də uşaqlar arasında qrip və digər yuxarı tənəffüs yolları infeksiyalarının artdığı müşahidə olunur. Belə hallarda onlarda boğaz ağrısı, quru öskürək və uzun çəkən sağalma müddəti müşahidə edilir.
Mövzu ilə bağlı TodayPress TV-yə açıqlama verən endokrinoloq-pediatr Sevda Novruzlu bildirib ki, xəstəliklər əsasən virusların yuxarı tənəffüs yollarını zədələməsi nəticəsində yaranır:

"Bu, yuxarı tənəffüs yollarının virus infeksiyalarıdır. İmmun sistemi güclü olan, təmiz havada olan və balanslı qidalananlar xəstəliyə daha gec yoluxur. İmmun sistemi zəif olan uşaqlar, xroniki xəstəlikləri, allergiyaları və ya otoimmun riskləri olanlar yoluxduqda xəstəlik daha uzun çəkir. Xəstəliklərin uzun çəkən səbəbi vaxtında həkimə müraciət etməməkdir".
Pediatr əlavə edib ki, öskürək müalicə ilə qısa müddətlik aradan qalxa bilər, amma düzgün müalicə olunmadıqda bir müddət sonra geri qayıda bilər:
"Virus yoluxması zamanı mütləq virus əleyhinə preparatlar və immun sistemini gücləndirən tədbirlər tətbiq edilməlidir. Güclü orqanizm xəstəliyi yüngül keçirir. Xəstəliyin ilk əlaməti öskürəkdir. Həm quru, həm bəlğəmli öskürəyin tam sağalandan 10-15 gün sonra geri qayıtması mümkündür. Ona görə də hər hansı xəstələnmə müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək və lazımi müalicəni almaq vacibdir".
Sevda Novruzlu tövsiyə edib ki, immun sistemini gücləndirmək, balanslı qidalanmanı təmin etmək və infeksiyalardan qorunmaq üçün gigiyena qaydalarına riayət etmək önəmlidir.
Türkan İsgəndərli
tag: Sevda Novruzlu,Endokrinoloq-pediatr,Qrip,Mövsüm,Todaypress.tv,
