Qocalma nədir? İnsan 200 il yaşaya bilərmi?

Sağlamlıq

23.02.2026 19:30

Qocalma dünyanın bir çox alimi tərəfindən fəal şəkildə öyrənilsə də, onun mahiyyəti və səbəbləri barədə hələ də vahid fikir yoxdur.

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki,  Honkonq Şəhər Universitetinin professoru, rusiyalı təkamül bioloqu və virusoloq Petr Lidski qocalma və ölümün mənasına yeni izah təqdim edib.

Məlumatda qeyd olunur ki, qocalma bəşəriyyət üçün ən ciddi problemlərdən biridir və demək olar ki, hər bir insan üçün qaçılmaz reallıqdır. Buna görə də müxtəlif ölkələrdən olan alimlər bu prosesi intensiv şəkildə araşdırırlar. Lakin “Qocalma nədir?” sualına hələ də yekdil cavab yoxdur. Fərqli gerontoloqlar bu suala müxtəlif cür yanaşırlar.

Əksər alimlər hesab edir ki, qocalma orqanizmdə zədələrin tədricən yığılması prosesidir. Bu yanaşma 1950-ci illərin fəlsəfi və elmi mülahizələrinə əsaslanır. Alternativ nəzəriyyəyə görə isə qocalma bizi ölümə aparan genetik proqramdır.

Birinci yanaşmaya əsasən, qocalma avtomobil təkərinin tədricən hava itirməsinə bənzəyir: təkər yenidən şişirdilərsə, əvvəlki vəziyyətinə qayıda bilər. İkinci yanaşmada isə sanki təkərin içinə əvvəlcədən mismar yerləşdirilib və o, qəsdən havanı buraxır. Bu halda artıq struktur dəyişiklik baş verib və problemi həll etmək üçün əvvəlcə mismarı çıxarmaq, dəliyi təmir etmək, sonra isə təkəri şişirtmək lazımdır.

Beləliklə, bu iki fərziyyə tamamilə fərqli tədqiqat strategiyaları tələb edir. Hazırda elmi ictimaiyyətdə daha çox qəbul edilən mövqe birinci – zədələrin yığılması konsepsiyasıdır.

Jalə Rövşən 

TodayPress TV

tag: Qocalma,Alim ,Araşdırma ,Honkonq ,Petr Lidski,Todaypress.tv,