Qırmızı çuğundurun sağlamlığa möhtəşəm təsiri: faydalar və risklər

Sağlamlıq

27.11.2025 19:15

Həzmi yüngülləşdirən, immuniteti gücləndirən və bədəni iltihabdan təmizləyən qırmızı çuğundur həm faydaları, həm də düzgün istifadə edilmədikdə yarada biləcəyi risklərlə diqqət çəkir. 

TodayPress TV   "Haber Türk"ə istinadən xəbər verir ki, qırmızı çuğundur vitamin və minerallarla zəngin olduğuna görə qış aylarında ən faydalı tərəvəzlərdən biri hesab olunur.


Lifli quruluşu həzmi yaxşılaşdırır, tərkibindəki C vitamini isə immunitet sistemini gücləndirir.

Qırmızı çuğundur folat, kalium, dəmir, manqan və digər minerallarla zəngindir. 100 qramında cəmi 43 kalori var və gündəlik lif ehtiyacının təxminən 8 faizini qarşılayır. Güclü antioksidantları sayəsində ürək-damar sağlamlığına müsbət təsir edir, qan axınını yaxşılaşdırır və qan təzyiqinin balanslaşdırılmasına kömək edir.


Betalain adlı iltihab əleyhinə maddələrə görə qırmızı çuğundur orqanizmdə iltihabın azalmasına da dəstək olur. Yüksək dəmir tərkibi səbəbilə anemiya (qanazlığı) problemi yaşayanlar üçün də faydalıdır. Enerji verməsi və performansı artırması səbəbindən idmançılar tərəfindən də tez-tez istifadə edilir.


Bununla yanaşı, həddindən artıq qırmızı çuğundur qəbul edildikdə qan şəkərinin yüksəlməsi və qan təzyiqinin həddən artıq aşağı düşməsi kimi problemlər yarana bilər. Diabet xəstələrinin istehlak edərkən diqqətli olması tövsiyə olunur.


Mütəxəssislər qırmızı çuğunduru balanslı şəkildə və həddindən artıq olmadan rasiona daxil etməyi məsləhət görürlər.

Jalə Rövşən 

TodayPress TV 

tag: Qırmızı çuğundur,Fayda,Zərər,Sağlamlıq ,Todaypress.tv,