Qəhvə içmək orqan xəstəlikləri riskini azalda bilər

Sağlamlıq

02.12.2025 18:45

Çin alimlərinin apardığı araşdırma göstərib ki, müntəzəm qəhvə istehlakı qaraciyər və böyrək xəstəlikləri riskini aşağı sala bilər. 

TodayPress TV xəbər verir ki, "Food & Function" jurnalında dərc olunan tədqiqat nəticələrinə görə, bu qoruyucu təsir kofeinin özündən yox, qəhvədəki bioloji aktiv maddələrin orqanizmdə əmələ gələn metabolitləri ilə bağlıdır.

Mövcud elmi işlərin təhlili göstərib ki, "xlorogen" turşuları, "diterpenlər" və digər birləşmələrin metabolitləri güclü iltihabəleyhinə və antioksidant xüsusiyyətlərə malikdir. Böyük klinik araşdırmalar da təsdiqləyir ki, müntəzəm qəhvə içmək "siroz", "hepatosellüler karsinoma", alkoqolsuz yağlı qaraciyər xəstəliyi və xroniki böyrək xəstəliyi riskinin azalması ilə əlaqəlidir.

Alimlər vurğulayır ki, qəhvənin qoruyucu gücü onun hazırlanma üsulundan asılı olaraq dəyişə bilər. Həmçinin fərdi xüsusiyyətlər, məsələn, genetik metabolizm və bağırsaq mikrobiotasının tərkibi də qəhvənin təsirinə ciddi şəkildə təsir göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Böyrək,Qaraciyər,Qəhvə,Orqan,Todaypress.tv,