Qazaxda “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I konfrans” keçirildi

Sağlamlıq

15.11.2025 16:10

TƏBİB-in təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasında “Qlobal Cərrahiyyə 2030” konsepsiyası çərçivəsində “Zəruri cərrahiyyə və anesteziya xidmətlərinin təşkili üzrə I Konfrans” keçirilib.

TodayPress TV xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, TƏBİB rəhbərliyi, müxtəlif regionlardan tibb müəssisələrinin nümayəndələri, cərrahlar və anestezioloqlar iştirak ediblər.

Açılış nitqində Vüqar Qurbanov qlobal səviyyədə cərrahiyyə xidmətlərinin əlçatanlığı ilə bağlı mövcud problemlərdən danışıb. O bildirib ki, dünyada 5 milyarddan çox insan zəruri cərrahiyyə və anesteziyaya çıxışdan məhrumdur, hər il milyonlarla insan cərrahi müdaxilələr səbəbi ilə katastrofik xərc yükü ilə üzləşir. İcraçı direktor ölkədə icbari tibbi sığorta çərçivəsində təmin edilən 775 xidmətin 469-nun cərrahi əməliyyatlar olduğunu qeyd edib və 2030-cu ilə qədər regionlarda yüksək səviyyəli cərrahi və anesteziyoloji xidmətlərin genişləndirilməsinin hədəf olduğunu vurğulayıb.

Ardınca çıxış edən Qazax Rayon İcra Hakimiyyətinin birinci müavini Məmməd Alıyev rayonun səhiyyə sahəsində aparılan yeniliklərdən danışıb və tədbirin əhəmiyyətini qeyd edib.

Konfrans çərçivəsində TƏBİB-in İcraçı direktorunun müşavirləri Vüqar Yaqublu və Emil Qasımov müvafiq olaraq “Zəruri cərrahiyyə və anesteziya xidmətləri üzrə yol xəritəsi”, onun hədəfləri və indikatorları haqqında təqdimatlarla çıxış ediblər. Bildirilib ki, beynəlxalq standartlara uyğun indikatorların müəyyən edilməsi və bu hədəflərə çatılması ölkədə cərrahi xidmətlərin keyfiyyətinin yüksəldilməsində mühüm rol oynayacaq.

Tibb mütəxəssislərinin çıxışlarında regionlarda cərrahi ağırlaşmaların idarə olunması, minimal invaziv cərrahiyyənin inkişafı, resursların səmərəli istifadəsi, təhlükəsiz cərrahiyyə üzrə beynəlxalq təcrübə, “Xəsər kontrolu” prinsipləri və ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasında mentor həkimlərin rolu kimi mövzular müzakirə olunub.

Konfransın sonunda “Zəruri Cərrahiyyə və Anesteziya Xidmətlərinin Təşkili üzrə Elmi-Praktik Məsləhət Şurası”nın yaradılması barədə qərar qəbul edilib. Şuranın ildə bir dəfə keçiriləcək növbəti konfranslarda tam tərkibdə toplanacağı bildirilib.

Sonda iştirakçılar Qazax Müəllimlər Seminariyasının tarixi binası ilə tanış olublar.

Qeyd edilib ki, bu konfransların hər il ölkənin müxtəlif regionlarında keçirilməsi planlaşdırılır.

TodayPress TV

tag: TƏBİB,Qazax,Konfrans ,Vüqar Qurbanov,Todaypress.tv,