Oynaqlardan gələn səslər təhlükəlidirmi? - Alimlər açıqladı

Sağlamlıq

05.02.2026 19:30

Mütəxəssislər bildirir ki, diz, boyun və barmaqlarda yaranan səslər əksər hallarda təhlükəli deyil və artrit əlaməti sayılmır.

TodayPress TV xəbər verir ki, "The Conversation" portalının yazdığına görə, oynaqlardan gələn səslər çox vaxt qorxulu görünsə də, əksər hallarda sağlamlıq üçün risk daşımır.     

Mütəxəssislər qeyd edir ki, xüsusilə barmaqları “xırtlatmaq” zamanı eşidilən səslər əsasən kavitasiyaya bağlıdır. Oynaqlar sinovial maye ilə doludur və bu mayedə qazlar həll olmuş vəziyyətdə olur. Oynaq qəfil dartıldıqda təzyiq azalır, qaz qabarcığı yaranır və onun dağılması xarakterik səsə səbəb olur. Məhz buna görə eyni oynağı qısa müddətdə təkrar “xırtlatmaq” mümkün olmur — qazın yenidən həll olması üçün vaxt lazımdır.

Digər səslərin isə fərqli izahı var. Bəzi hallarda səslər vətərlərin sümük çıxıntıları üzərindən sürüşməsi ilə əlaqədardır. Dizlərdə eşidilən xırıltı və xışıldama — yəni krepitasiya oynaq səthləri və qığırdağın hərəkəti nəticəsində yaranır. Diz oynağı mürəkkəb mexanikaya malik olduğu və diz qapağının işi əzələ balansından asılı olduğu üçün bu cür səslərə daha çox məruz qalır.

Alimlər vurğulayır ki, “oynaqdan gələn səsin özü nadir hallarda klinik əhəmiyyət daşıyır. Həkimləri əsasən səs yox, ağrı, şişkinlik, oynağın kilidlənməsi və ya hərəkətin məhdudlaşması narahat etməlidir.

Qiymət Mahir

tag: Oynaq,Çanaq,Sümük,Həkim,Todaypress.tv,