Ölkə üzrə 3500-dən çox vərəmli xəstə dispanser qeydiyyatına alındı

Sağlamlıq

19.12.2025 13:06

“Ölkə üzrə ilkin vərəmli xəstələrin sayı - 1 875 nəfər,  təkrar vərəmli xəstələrin sayı - 1 647 nəfərdir. Cəmi 3 522 nəfər 2025-ci ilin 11 ayı üzrə dispanser qeydiyyatına alınıb, onlardan isə 579 nəfər dərmana davamlı xəstələrdir”.

TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə bildirib.

O əlavə edib ki, 2025-ci ildə TƏBİB tabeliyində vərəm əleyhinə mübarizə xidmətinin təşkili, idarəetmə və koordinasiyasının optimallaşdırılması, əhali arasında vərəm və digər ağciyər xəstəliklərinin profilaktikası, vaxtında aşkarlanması, diaqnostikası və müalicəsi üzrə tədbirlərin keyfiyyətinin artırılması məqsədilə Ağciyər Xəstəlikləri Mərkəzi təsis edilib.

"Mərkəz müvafiq dərman vasitələri, tibbi ləvazimat və zəruri avadanlıqlarla təmin olunaraq fəaliyyətə başlayıb. Bununla yanaşı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində Xidmətlər Zərfinin əhatə dairəsi ildən-ilə genişlənib. Bu, vətəndaşlara daha çox çeşiddə tibbi xidmət alma imkanı yaradıb və xüsusilə yüksək riskli və mürəkkəb xəstəliklərin müalicəsini sığorta təminatına daxil etməklə, əhalinin real sağlamlıq göstəricilərinə müsbət təsir göstərib".

Vüqar Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfində yer alan 6 171 tibbi xidmət və diaqnozun 6131-i, yəni 99 faizi TƏBİB-in tabeliyindəki tibb müəssisələrində icra olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: Vüqar Qurbanov,TƏBİB,Tədbir,Çıxış,Todaypress.tv,