Nevroloq: Yuxusuzluq ciddi sağlamlıq riskidir

Sağlamlıq

20.12.2025 19:45

Yuxunun beyin və fiziki sağlamlıq üçün həyati əhəmiyyət daşıyır.

TodayPress TV "Haber Türk"ə istinadən xəbər verir ki, bunu Türk Nevrologiya Assosiasiyasının vitse-prezidenti, Dokuz Eylül Universiteti Tibb Fakültəsinin müəllimi professor İbrahim Öztura deyib.

Özturanın sözlərinə görə, insan ömrünün təxminən üçdə biri yuxuda keçir və bu dövrdə beyin və bədən bərpa olunur. Yuxuya qənaət etməyin uzunmüddətli perspektivdə ciddi sağlamlıq problemlərinə yol aça biləcəyini deyən professor, xüsusilə böyük şəhərlərdə iş tempi və sosial vərdişlərin yuxu rejimini pozduğunu vurğulayıb.

O bildirib ki, gec yatmaq və kifayət qədər yuxu almamaq yuxu gigiyenasını pozur, bu isə uşaqlarda dərs göstəricilərinin, böyüklərdə isə iş məhsuldarlığının azalmasına səbəb olur.

Öztura xroniki yuxusuzluğun xəstəlik olduğunu qeyd edərək, bu problemin mütləq həkim nəzarəti altında müalicə edilməli olduğunu deyib. Onun sözlərinə görə, yuxuya getməkdə çətinlik, yuxunu davam etdirə bilməmək və ya səhər yorğun oyanmaq ciddi siqnallardır.

Professor həmçinin yuxu apnesi sindromuna diqqət çəkib. Bildirib ki, bu problem yalnız xoruldama ilə məhdudlaşmır və müalicə olunmadıqda zehni qabiliyyətlərin zəifləməsinə, gələcəkdə nevroloji xəstəliklərin yaranmasına səbəb ola bilər.

Öztura yuxu dərmanlarının həkim məsləhəti olmadan istifadəsinə qarşı xəbərdarlıq edib və yuxu pozğunluqlarının müalicəsində əsas yanaşmanın davranış terapiyası olduğunu vurğulayıb.

Jalə Rövşən

TodayPress TV

tag: Yuxu,Beyin,Sağlamlıq ,Fiziki,Todaypress.tv,