Məşhur ağrıkəsici ilə bağlı XƏBƏRDARLIQ: Ağır allergik reaksiyalar...

Sağlamlıq

16.02.2026 19:30

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti ibuprofenin bəzi risk qrupları üçün təhlükəli ola biləcəyi barədə xəbərdarlıq edib.

TodayPress TV xəbər verir ki, tövsiyələr “The Mirror” nəşri tərəfindən dərc olunub.

Məlumata görə, ibuprofen xüsusilə 65 yaşdan yuxarı şəxslər, hamilə qadınlar, həmçinin aspirin və digər qeyri-steroid iltihabəleyhinə preparatlara (QSİƏP) allergiyası olan insanlar üçün risklidir.

QSİƏP qrupu ağrı və iltihabı azaldan dərmanlardır, lakin onlar mədənin selikli qişasını qıcıqlandıra bilər. İbuprofen selikli qişanın təbii müdafiəsini zəiflədərək və mədə turşusunun ifrazını artıraraq xora riskini yüksəldir. Bu səbəbdən yaşlı pasiyentlərə uzunmüddətli qəbul zamanı tez-tez mədəni qoruyan əlavə preparatlar təyin edilir.

Mütəxəssislər bildirirlər ki, dərman ürək, böyrək və ya qaraciyər xəstəlikləri, nəzarətsiz arterial təzyiq, astma, bağırsaq xəstəlikləri və suçiçəyi zamanı arzuolunmazdır. Həmçinin naproksen və aspirin kimi digər QSİƏP-lərə allergiyası olan şəxslər ibuprofeni ehtiyatla qəbul etməlidir.

Allergik reaksiyalar müxtəlif formalarda özünü göstərə bilər. Bəzi hallarda burun axması, asqırma və göz yaşarması müşahidə olunur, digərlərində isə xırıltı və boğulma tutmaları baş verə bilər. Dəri səpkisi, qızartı, qaşınma və ya ürtiker də geniş yayılıb. Nadir hallarda isə Kvinke ödemi kimi ağır allergik reaksiyalar mümkündür.

Bu risklərə görə həkimlər ibuprofen təyin edilən bəzi pasiyentlərə allergik reaksiyaların qarşısını almaq üçün əlavə dərman qəbulunu tövsiyə edirlər. Bu, fəsad ehtimalını azaltmağa kömək edir.

Xatırladaq ki, daha əvvəl statinlərin yan təsirləri ilə bağlı məşhur mif təkzib olunmuşdu.

Qiymət Mahir

tag: Böyük Britaniya,Səhiyyə ,QSİƏP ,İbuprofen,TodayPress TV,