Mədəaltı vəzi xərçənginə qarşı qoruyucu aşkarlandı
Sağlamlıq
15.01.2026 19:45
Mədəaltı vəzi xərçənginin ən təhlükəli formalarından biri olan pankreas axacağı adenokarsinomasında (PDAC) "CTDNEP1" geni mühüm rol oynaya bilər.
TodayPress TV xəbər verir ki, Tokio Elm Universitetinin alimlərinin bu araşdırmasının nəticələri "Cancer Genomics & Proteomics" jurnalında dərc olunub.
PDAC mədəaltı vəzi xərçəngi hallarının 90 faizdən çoxunu təşkil edir və çox vaxt gec aşkarlandığı üçün ölüm riski yüksəkdir. Yaponiyada bu xəstəlik hər il on minlərlə insanın həyatına son qoyur.
Alimlər 184 PDAC xəstəsinə aid genomik və klinik məlumatları təhlil edərək müəyyən ediblər ki, "CTDNEP1" geninin aktivliyi şiş toxumasında sağlam toxuma ilə müqayisədə xeyli aşağıdır. Bu azalma xüsusilə xəstəliyin erkən mərhələlərində müşahidə olunur.
Tədqiqat göstərib ki, "CTDNEP1" geninin aşağı səviyyəsi KRAS və TP53 kimi təhlükəli mutasiyalarla, eləcə də xəstələrin daha qısa sağ qalma müddəti ilə əlaqəlidir. Bundan başqa, genin zəif fəaliyyəti şişin immun sistemindən yayınmasına və xroniki iltihaba səbəb ola bilər.
Əksinə, bu genin yüksək aktivliyi daha güclü immun cavab, aktiv hüceyrə metabolizmi və şiş ətrafında immun hüceyrələrin artması ilə müşahidə olunub.
Hazırda komanda "CTDNEP1" geninin şişin böyüməsinə və immun sistemlə qarşılıqlı təsirinə təsirini daha dərindən öyrənmək üçün əlavə laboratoriya tədqiqatları aparır.
Türkan İsgəndərli
tag: PDAC,CTDNEP,Gen,Xərçəng,Todaypress.tv,
