Mavi işıq dərinin qocalmasını sürətləndirə bilər

Sağlamlıq

24.12.2025 19:15

Smartfon, noutbuk və digər elektron cihazların ekranlarından yayılan mavi işıq dərinin daha tez qocalmasına səbəb olan əsas amillərdən biridir.

TodayPress TV xəbər verir ki, bu işıq dərinin dərin qatlarına - dermisə qədər nüfuz edərək sərbəst radikalların yaranmasını stimullaşdırır.

Bu proses öz növbəsində oksidləşdirici stressə və dərinin elastikliyini təmin edən kollagenin parçalanmasına gətirib çıxarır ki, nəticədə qocalma prosesi sürətlənir.

Bundan əlavə, cihazlarla uzunmüddətli təmas mikrosirkulyasiyanı poza, xüsusilə göz ətrafı əzələlərdə gərginlik yarada və dərini susuzlaşdıra bilər. Elektron avadanlıqların yaydığı istilik və davamlı əl-üz təması isə dəridə piy və toz hissəciklərinin yığılmasına, bu da iltihab riskinin və dəri həssaslığının artmasına şərait yaradır.

Zərərin qarşısını almaq üçün mavi işığı azaldan qoruyucu ekranlardan istifadə etmək, dərini müntəzəm təmizləmək və antioksidant tərkibli (C və E vitaminləri, niasinamid, bitki ekstraktları və yaşıl çay) kosmetik vasitələrə üstünlük vermək tövsiyə olunur. Həmçinin, dərini qorumaq üçün qapalı məkanlarda belə günəşdən qoruyucu kremlərin istifadəsi, düzgün qidalanma, kifayət qədər yuxu və bol su qəbulu mühüm rol oynayır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Mavi işıq,Telefon,Noutbuk,Dəri,Todaypress.tv,