Likopen çatışmazlığı ağır diş əti xəstəliyi riskini artırır
Sağlamlıq
12.01.2026 18:45
ABŞ alimləri pomidor, qırmızı bibər və digər parlaq rəngli meyvələrdə olan likopen maddəsinin çatışmazlığının yaşlı insanlarda ağır periodontit riskini artırdığını müəyyən ediblər.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “The Journal of Nutrition, Health, and Aging” jurnalında dərc olunub.
Likopen güclü antioksidan kimi tanınır və orqanizmi iltihab yaradan oksidləşdirici stressdən qorumağa kömək edir. Alimlər 65-79 yaş arası 1227 nəfərin məlumatlarını təhlil ediblər və iştirakçıların təxminən yarısında diş əti xəstəlikləri əlamətləri aşkar edilib.
Qan analizləri göstərib ki, iştirakçıların 78%-ində likopen çatışmazlığı var. Kifayət qədər likopen qəbul edən yaşlılarda ağır periodontitə tutulma ehtimalı təxminən üç dəfə az olub.
Mütəxəssislər vurğulayırlar ki, tədqiqat birbaşa səbəb-nəticə əlaqəsini sübut etmir, lakin likopenin diş əti sağlamlığı üçün mühüm rol oynaya biləcəyini göstərir. Alimlər bu mövzuda əlavə araşdırmalara ehtiyac olduğunu bildirirlər.
Türkan İsgəndərli
tag: Diş,Maddə,Likopen,Vitamin,Todaypress.tv,
