Kardioloq nəbzlə bağlı təhlükəli halları açıqladı

Sağlamlıq

06.01.2026 19:15

Kardioloq nəbzin düzgün ölçülməsi və təhlükəli hallarla bağlı xəbərdarlıq edib.

TodayPress TV  "Lenta.ru" ya istinadən xəbər verir ki,  ürək xəstəlikləri təkcə yaşlılarda deyil, getdikcə daha çox gənclərdə də aşkarlanır. Mütəxəssislər erkən əlamətləri vaxtında müəyyən etmək üçün nəbz, arterial təzyiq, bədən kütlə indeksi, qanda şəkər və lipid göstəricilərinin mütəmadi yoxlanılmasını tövsiyə edirlər.

Kardioloqun sözlərinə görə, nəbz yalnız sakit vəziyyətdə və dinc mühitdə ölçülməlidir. Yetkin insanlar üçün normal nəbz dəqiqədə 60–100 vurğu hesab olunur. Dinc halda nəbzin uzun müddət 90-dan yuxarı qalması və ya 150 vurğunu keçməsi təhlükəli əlamət sayılır və bu zaman dərhal həkimə və ya təcili tibbi yardıma müraciət etmək lazımdır.

Qeyd olunur ki, gənclərdə ürək problemləri çox vaxt stress, yuxusuzluq, enerji içkiləri və kofeinin həddindən artıq qəbulu, siqaret, az və ya nəzarətsiz fiziki aktivliklə əlaqəli olur. Bu amillər nəbzin kəskin dəyişməsinə və ürək ritminin pozulmasına səbəb ola bilər.

Kardioloqlar EKQ və Holter müayinəsindən keçməyi, həmçinin qalxanabənzər vəzi hormonlarını və ferritin səviyyəsini yoxlamağı məsləhət görürlər. Nəfəs darlığı, sinə ağrısı, güclü yorğunluq, başgicəllənmə və ya ürək ritmində pozğunluq hiss olunarsa, həkimə müraciət gecikdirilməməlidir.

Jalə Rövşən

TodayPress TV

tag: Nəbz ,Kardioloq,EKQ,Stress,Todaypress.tv,