İşçilərin psixi sağlamlığı ilə bağlı həyəcan: ekspertlər xəbərdarlıq edir
Sağlamlıq
05.12.2025 19:45
Müasir iş həyatının artan təzyiqləri bütün dünyada işçilərin psixi sağlamlığına ciddi təsir göstərir. Stress, tükənmişlik, performans təzyiqi, iqtisadi qeyri-müəyyənlik və iş–həyat balansının pozulması məhsuldarlıq üçün əsas təhlükələrdən hesab olunur.
TodayPress TV xəbər verir ki, bu mövzular "OnlyHR"in İstanbulda keçirilən 3-cü Simpoziumunda müzakirə edilib.
Simpoziumda çıxış edən Prof. Dr. Kültegin Ögel bildirib ki, işçilər təkcə iş yükü ilə deyil, narahatlıq, performans təzyiqi və şəhər stresinin yaratdığı psixoloji gərginliklə də üzləşirlər. Onun sözlərinə görə, stress idarə olunmadıqda tükənmişlik qaçınılmaz olur və psixoloji dəstək üçün gec müraciət etmək problemi daha da dərinləşdirir.
Prof. Dr. Ögel həmçinin işçilər arasında kiber qumar asılılığının artdığını, bunun iş performansına və ailə həyatına mənfi təsir etdiyini vurğulayıb.
Simpoziumun digər məruzəçisi Prof. Dr. Bedirhan Üstün isə qeyd edib ki, işçi psixologiyasını qorumağın yolu qabaqlayıcı psixi sağlamlıq siyasətlərindən keçir. Onun sözlərinə görə, ədalət, hörmət və insani münasibətlər kimi əsas prinsiplər pozulduqda tükənmişlik və depressiya riski kəskin artır.
Prof. Dr. Üstün bildirib ki, hər 100 işçidən ən azı 20-si depressiya riski altındadır və erkən psixoloji dəstəyə sərf olunan vəsaitin şirkətlərə 4 qat geri dönüş təmin etdiyi sübut olunub. Bu səbəbdən psixi sağlamlıq "xərc" deyil, korporativ davamlılığın vacib elementi kimi qiymətləndirilməlidir.
Simpoziumun ümumi mesajı bu olub:
Psixoloji dəstək seçim deyil, müasir iş yerlərində institusional standart olmalıdır.
Ekspertlərə görə, iş yerlərində iş–özəl həyat balansının qorunması, psixoloji dəstək üçün damğanın aradan qaldırılması və profilaktik korporativ siyasətlərin tətbiqi həm işçi sədaqətini, həm də məhsuldarlığı artırır.
Jalə Rövşən
tag: Psixologiya,İş,Şirkət,Depressiya,Todaypress.tv,
