İcbari tibbi sığorta ilə bağlı dəyişikliklər olacaq
Sağlamlıq
20.11.2025 13:49
"Gələn il üçün xidmət zərfi ilə bağlı müzakirələr hələ davam edir. Büdcə çərçivəsi nəzərə alınmaqla müəyyən tibbi xidmətlərin təminata daxil edilməməsi və ya xidmətlərdə rəsmi dəyişikliklərin olması mümkündür".
TodayPress TV xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, tibbi xidmətlərin dəyərinin ödənilməsi dövlətin mövcud öhdəlikləri nəzərə alınmaqla İcbari Tibbi Sığorta Agentliyi tərəfindən həyata keçirilir:
"Sağlamlıq sistemi belə qurulub: tibbi xidməti tibb müəssisələri göstərir, göstərilən xidmətin dəyərini isə İcbari Tibbi Sığorta Agentliyi ödəyir. Bu günə qədər proses məhz bu prinsiplə tənzimlənib. Büdcə məsələləri Agentlik tərəfindən qiymətləndirilir və yekun qərarlar müzakirələrdən sonra veriləcək".
TƏBİB rəhbəri həmçinin sığortalı və sığortalı olmayan vətəndaşların bölgüsü ilə bağlı işlərin aparıldığını vurğulayıb:
"Ölkədə sığortalı və sığortalı olmayan əhali qrupu müəyyən edilib. Sığorta haqqını ödəyən şəxslər sığortalı hesab olunacaq və onlara xidmətin hansı səviyyədə göstəriləcəyi, xidmətin çərçivəsi Agentlik tərəfindən müəyyənləşdiriləcək. Sığortalı olmayan kateqoriyalar üçün isə əlavə maarifləndirmə və izah işləri davam etdirilir".
Türkan İsgəndərli
tag: Vüqar Qurbanov,TƏBİB,Açıqlama,Brifinq,Todaypress.tv,
