İcbari tibbi sığorta ilə bağlı 260 mindən çox göndəriş verilib

Sağlamlıq

08.12.2025 10:58

“Özəl tibb müəssisələri üzrə göstəricilər bizim üçün önəmlidir, çünki bu sahə həm xidmətə çıxışı genişləndirir, həm də vətəndaşların seçim imkanlarını artırır”.

TodayPress TV xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bunu TƏBİB və Agentlik tərəfindən keçirilən “İctimaiyyətlə əlaqələr və media nümayəndələri üçün təlim”də bildirib.

“Hazırda Agentliklə müqaviləsi olan özəl tibb müəssisələrinin sayı 200-dən çoxdur. Bura paytaxt ilə yanaşı, ölkənin digər bölgələrində fəaliyyət göstərən özəl xəstəxanalar da daxildir. Bu ilin 10 ayı ərzində icbari tibbi sığortadan istifadə etmək üçün özəl tibb müəssisələrinə 260 mindən çox göndəriş verilib”. 

O əlavə edib ki, dövlət tibb müəssisəsi tərəfindən təqdim edilən göndəriş vərəqəsi 24 saat ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiq edildikdə bu barədə vətəndaşa SMS-lə birdəfəlik kod göndərilir. Bu zaman vətəndaş Agentliklə müqaviləli istənilən özəl xəstəxananı seçə bilir. Bu mexanizm həm vaxt itkisini azaldır, həm də xidmətə çıxışı sürətləndirir.

"Vətəndaşlar “e-Tabib” mobil tətbiqindən seçim etməklə, göndəriş vərəqəsi üzərindəki QR kodu oxutmaqla və ya Agentliyin saytı  vasitəsilə özəl tibb müəssisələrini müəyyənləşdirə bilərlər. Göndəriş vərəqəsinin etibarlılıq müddəti 10 iş günüdür. Bu müddət ərzində xəstəxanaya şəxsiyyət vəsiqəsi və göndəriş kodu ilə müraciət etmək kifayətdir".

Türkan İsgəndərli

TodayPress TV

tag: İcbari Tibbi Sığorta,Göndəriş,Açıqlama,Təlim,Todaypress.tv,