Günəş yanığından qorunmaq dəri xərçəngi riskini azaldır — yeni kəşf

Sağlamlıq

14.11.2025 19:45

Günəş yanığından qorunmaq dəri xərçənginin qarşısını ala bilər — alimlər yeni mexanizm aşkar etdi

TodayPress TV "Gazeta.ru"ya istinadən xəbər verir ki, Çikaqo Universitetinin alimləri günəş işığının sağlam dəri hüceyrələrini xərçəng hüceyrələrinə çevirən mexanizmi müəyyən ediblər.

Tədqiqat Nature Communications jurnalında dərc olunub.

Mütəxəssislərin sözlərinə görə, uzun müddət ultrabənövşəyi (UV) şüalara məruz qalmaq hüceyrələri iltihabdan və nəzarətsiz böyümədən qoruyan YTHDF2 adlı tənzimləyici zülalı məhv edir. Bu zülalın itirilməsi isə iltihabı gücləndirərək şiş əmələ gəlməsinə şərait yaradır.

Araşdırma göstərib ki, UV şüaları YTHDF2-nin nəzarət etdiyi U6 snRNA adlı molekulun fəaliyyətini dəyişdirir. Zülal məhv olduqda U6 immun sisteminin TLR3 reseptorunu aktivləşdirir və güclü iltihab reaksiyasına səbəb olur. Bu proses dəri xərçənginin yaranmasında mühüm rol oynayır.

Alimlər bildiriblər ki, tapılan mexanizm dəri xərçəngi və UV şüalarının yaratdığı digər xəstəliklərin qarşısının alınması və müalicəsi üçün yeni yanaşmaların inkişaf etdirilməsinə imkan yarada bilər.

Mütəxəssislər günəş yanığından qorunmağın — xüsusilə uzun müddətli günəşə məruz qalmamaq və qoruyucu vasitələrdən istifadə etməyin — dəri xərçəngi riskini əhəmiyyətli dərəcədə azaltdığını vurğulayırlar.

Jalə Rövşən

TodayPress TV


tag: Dəri xərçəngi ,Çikaqo Universiteti, UV şüaları,Araşdırma ,Todaypress.tv,