Gecə aclığı ürəyə müsbət təsir edə bilər

Sağlamlıq

23.02.2026 18:30

Şimali-Qərb Universitetinin alimləri müəyyən ediblər ki, gecə yeməksiz qalma müddətinin cəmi bir neçə saat artırılması artıq çəkili insanlarda ürək-damar sistemi və maddələr mübadiləsi göstəricilərini yaxşılaşdıra bilər.

TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri “Arteriosclerosis, Thrombosis, and Vascular Biology” (ATVB) jurnalında dərc olunub.

Randomizə olunmuş klinik tədqiqatda yaşı 36–75 arasında olan, artıq çəki və ya piylənmədən əziyyət çəkən 39 nəfər iştirak edib. İştirakçılar iki qrupa bölünüb: birinci qrup 7,5 həftə ərzində gecə yeməksiz qalma müddətini minimum üç saat uzadıb, ikinci qrup isə adi qidalanma rejimini davam etdirərək nəzarət qrupu kimi çıxış edib.

Nəticələr göstərib ki, gecə yatmazdan əvvəl daha uzun müddət qidadan imtina edən iştirakçılarda diastolik arterial təzyiqin gecə azalması daha ifadəli olub.

Bundan əlavə, səhər qlükoza tolerantlığı, gecə ürək döyüntülərinin tezliyi, ürək ritminin dəyişkənliyi və kortizol səviyyəsi kimi ikinci dərəcəli göstəricilərdə də yaxşılaşma müşahidə edilib. Lakin insulinə həssaslıqda əhəmiyyətli dəyişiklik qeydə alınmayıb.

Tədqiqat müəllifləri qeyd edirlər ki, insan orqanizmi yuxu zamanı təbii olaraq aclıq vəziyyətində olur və bu müddətin bioloji ritmlərlə uyğun şəkildə uzadılması ürək fəaliyyəti, maddələr mübadiləsi və yuxunun koordinasiyasını yaxşılaşdıra bilər.

Araşdırmaçılar hesab edirlər ki, bu yanaşma xüsusilə kardio-metabolik xəstəlik riski yüksək olan şəxslər üçün faydalı ola bilər. Bununla belə, uzunmüddətli effektin təsdiqi üçün daha genişmiqyaslı tədqiqatlara ehtiyac var.

Bundan əvvəl alimlər əlilliyi olan atletlərin ürəyində yalancı vətərlərin yarana biləcəyini müəyyən etmişdilər.

Qiymət Mahir

tag: Gecə,Aclıq,Ürək,TodayPress TV,