Gec yatmaq ürək xəstəliyi riskini artırır

Sağlamlıq

31.01.2026 19:45

Amerikalı alimlər gec yatıb gec duran, yəni “gecə bayquşu” hesab olunan insanların infarkt və ya insult keçirmə riskinin daha yüksək olduğunu müəyyən ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə "Naked-science.ru" məlumat yayıb.

Tədqiqat Harvard Tibb Məktəbi və Brigham və Qadın Xəstəxanasının mütəxəssisləri tərəfindən aparılıb. Alimlər Böyük Britaniya Biobankına daxil olan 300 mindən çox orta yaşlı və yaşlı insanın məlumatlarını təhlil ediblər. İştirakçıların 8 faizi özünü “gecə bayquşu”, 24 faizi “erkən duran” (torağay), 67 faizi isə orta yuxu qrafikinə malik şəxs kimi təqdim edib.

Araşdırmaya görə, gecə bayquşlarının ürək-damar xəstəliklərinə tutulma ehtimalı orta yuxu rejimi olan insanlarla müqayisədə 79 faiz daha yüksəkdir. Təxminən 14 illik müşahidə dövründə bu qrupda infarkt və ya insult riski 16 faiz çox olub. Alimlər bu təsirin qadınlarda kişilərə nisbətən daha güclü olduğunu da qeyd ediblər.

Eyni zamanda, erkən duran insanların ürək-damar xəstəlikləri riski digərləri ilə müqayisədə 5 faiz daha aşağı olub.

Tədqiqatçılar bildirirlər ki, gec yatanlar tez-tez bioloji saatları ilə gündəlik iş rejimi arasında uyğunsuzluq yaşayır. Bu isə siqaret çəkmək, gec saatlarda sağlam olmayan qidalar qəbul etmək kimi zərərli vərdişlərlə yanaşı, maddələr mübadiləsinə də mənfi təsir göstərir.

Türkan İsgəndərli

TodayPress TV

tag: Ürək,Xəstə,İnfarkt,İnsult,Todaypress.tv,