DİQQƏT! Restoranlar sağlamlıq üçün təhlükə yaradır

Sağlamlıq

21.11.2025 14:44

Azərbaycanda qida istehsalı və satışı ilə məşğul olan müəssisələrdə, o cümlədən restoran və iaşə obyektlərində sanitar-gigiyenik normaların pozulması halları hələ də ciddi narahatlıq doğurur.

Qida eksperti Fərid Səfərov TodayPress TV-yə açıqlamasında bildirib ki, bu cür pozuntular insanların sağlamlığı və həyatını təhlükə altına qoyur. 


Onun sözlərinə görə, bu, olduqca ciddi problemdir:

"Təəssüf ki, tez-tez qida istehsalı, satışı ilə məşğul olan müəssisələrdə, restoranlarda sanitar-gigiyenik normaların pozulması halları ilə qarşılaşırıq. Nəticədə qida zəhərlənməsi və ölüm halları baş verir".

Ekspert vurğulayıb ki, qida məhsullarına müxtəlif çirkləndiricilərin qarışması qida zəncirinin istənilən mərhələsində, ilkin istehsaldan istehlakçıya çatdırılana qədər baş verə bilər:

"Mikroorqanizmlər qida məhsullarında 5°C-60°C temperatur aralığında sürətlə çoxaldığı üçün bu interval "təhlükəli zona" hesab olunur. Temperatur düzgün tənzimlənməyəndə ilk növbədə tez xarab olan ət və ət məhsulları, süd və süd məhsulları, kremli və qənnadı məmulatlar zədələnir"

Fərid Səfərov qeyd edib ki, xüsusilə heyvan mənşəli qidalar, o cümlədən balıq məhsullarının bişirilməsi və saxlanması zamanı tələb olunan temperatur və rütubət rejimi ciddi şəkildə gözlənilməlidir:

"Mənşəyi bilinməyən xammal və məhsulların istifadəsi sağlamlıq üçün son dərəcə risklidir. Bu halların qarşısını almaq üçün daha sərt nəzarət mexanizmləri tətbiq olunmalıdır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

tag: Restoran,Yemək,Mətbəx,Təmizlik,Todaypress.tv,