Dietoloq: "Arıqlama həbləri yalnız son çarə olmalıdır"
Sağlamlıq
17.11.2025 16:28
Son illər sürətli nəticə vəd edən arıqlama preparatlarına maraq artsa da, mütəxəssislər xəbərdarlıq edir ki, bu dərmanlar orqanizmin təbii mexanizmlərinə birbaşa müdaxilə etdiyi üçün ciddi sağlamlıq riskləri yarada bilər.

Mövzu ilə bağlı TodayPress TV-yə danışan endokrinoloq-diyetoloq, NLP master Dr. Azaya Musayeva bildirib ki, arıqlama məqsədilə istifadə olunan həb və preparatlar orqanizmin təbii mexanizmlərinə birbaşa təsir göstərir. Ona görə də onların qəbuluna həmişə ehtiyatla yanaşmaq lazımdır:
"Bu dərmanlar iştahanı azaldır, metabolizmi sürətləndirir və ya yağ və karbohidratların mənimsənilməsini bloklayır, lakin eyni zamanda ciddi fəsadlar yarada bilir. Belə preparatlar ürək-damar sisteminə mənfi təsir göstərərək taxikardiya, təzyiqin yüksəlməsi və aritmiyalara səbəb ola bilər. Stimulyator təsirli vasitələr sinir sisteminə də güclü təsir edir. Əsəbilik, yuxusuzluq, panik ataklar, psixoloji asılılıq iştahkəsici dərmanların tez-tez yaratdığı problemlərdir".
Dietoloq əlavə edib ki, arıqlama həbləri hormonal tarazlığı pozaraq kortizol, leptin, qrelin, insulin və cinsi hormonların səviyyəsinə təsir edir və bu da uzunmüddətli sağlamlıq pozuntularına gətirib çıxarır:
"Bu preparatların qəbulu nəticəsində libido və potensiya azalması da müşahidə olunur. Həzm sistemi, qaraciyər, bağırsaqlar da dərmanların təsirindən zərər görə bilər. Susuzlaşma, elektrolit pozuntuları, zəiflik və ürək-əzələ funksiyasında problemlər də “qurutma” effektli vasitələrin yaratdığı risklərdəndir. Arıqlama dərmanlarının kəskin dayandırılması ilə çəki daha sürətlə geri qayıdır. Preparat kəsildikdən sonra çəki çox vaxt daha sürətlə bərpa olunur və bəzən əvvəlkindən də çox artır".
Dr. Azaya Musayeva bəzi hallarda bu dərmanlardan istifadənin qətiliklə yolverilməz olduğunu bildirib:
"Yüksək təzyiq, ürək xəstəlikləri, qalxanabənzər vəzi problemləri, psixoloji pozuntular, qaraciyər və böyrək xəstəlikləri olanlar, hamilə və əmizdirən qadınlar, hormonal və antidepressant dərman qəbul edənlər arıqlatma preparatlarından uzaq durmalıdırlar".
Sonda həkim xəbərdarlıq edib ki, arıqlama həbləri yalnız son çarə kimi və həkim nəzarəti altında istifadə edilməlidir. Davamlı və sağlam nəticə dərmanlarla deyil, qidalanmanın, hormon balansının, stres səviyyəsinin və metabolizmin düzgün tənzimlənməsi ilə əldə olunur.
Türkan İsgəndərli
tag: Azaya Musayeva,Arıqlama həbləri,Hormon,Leptin,Todaypress.tv,
