Bu şirniyyat ürək sağlamlığına müsbət təsir göstərə bilər

Sağlamlıq

16.02.2026 19:15

Tünd şokoladın müntəzəm və ölçülü istehlakı ürək-damar sağlamlığının yaxşılaşması və metabolik risklərin azalması ilə əlaqəli ola bilər.

TodayPress TV xəbər verir ki, bu nəticə “Nutrients” jurnalında dərc olunan geniş icmal araşdırmasında yer alıb.

Məlumata görə, ürək-damar xəstəlikləri və qaraciyərin metabolik disfunksiyası (MASLD) oxşar mexanizmlərlə inkişaf edir. Bunlara xroniki iltihab, oksidləşdirici stress, lipid və karbohidrat mübadiləsinin pozulması daxildir. Araşdırmada qeyd olunur ki, kakaonun tərkibindəki flavanollar — xüsusilə epikatexin və katexinlər bu proseslərə təsir göstərə bilir. Onlar azot oksidinin bioyararlılığını artırır, damarların daxili qatının (endotel) funksiyasını yaxşılaşdırır, oksidləşdirici stressi və iltihabi siqnalların aktivliyini azaldır.

Bir sıra klinik tədqiqatlarda tünd şokoladın ölçülü qəbulu lipid profilinin yaxşılaşması ilə əlaqələndirilib. Belə ki, “yaxşı” xolesterin hesab olunan HDL səviyyəsinin artdığı, ümumi xolesterin və LDL göstəricilərinin isə azaldığı müşahidə edilib. Həmçinin damar funksiyasının yaxşılaşdığı, arterial təzyiqin aşağı düşdüyü və qaraciyər hüceyrələrinin zədələnməsi ilə bağlı markerlərin azaldığı bildirilib.

Lakin tədqiqat müəllifləri vurğulayırlar ki, araşdırmaların əksəriyyəti kiçik miqyaslı və qısamüddətli olub. Üstəlik, söhbət məhz yüksək kakao və flavanol tərkibli tünd şokoladdan gedir.

Alimlər bildirirlər ki, hazırda tünd şokoladın infarkt riskini azaltdığını və ya qaraciyər xəstəliklərinin irəliləməsinin qarşısını aldığını təsdiqləyən kifayət qədər sübut yoxdur. Məhsul balanslaşdırılmış qidalanmaya əlavə kimi nəzərdən keçirilə bilər, lakin müstəqil profilaktik vasitə sayılmır.

Xatırladaq ki, daha əvvəl alimlər narın tərkib hissəsinin ürək xəstəlikləri riskini azaltdığını müəyyən etmişdilər.

Qiymət Mahir

tag: Tünd şokolad,Ürək-damar ,MASLD,LDL ,TodayPress TV,