Barat Yusubov: "Yeni mərkəz ildə yüzlərlə xəstənin müalicəsinə şərait yaradacaq"
Sağlamlıq
20.11.2025 13:17
"İndiyə qədər Azərbaycanda sümük iliyi transplantasiyası üzrə yalnız bir mərkəz fəaliyyət göstərirdi və burada cəmi altı xüsusi otaq mövcud idi. Bu isə ölkədə ildə 150-200 transplantasiyaya ehtiyacı olan xəstələrin tələbatını tam qarşılamırdı".
TodayPress TV xəbər verir ki, bunu Yeni Klinikanın direktoru Barat Yusubov Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışında deyib.
Onun sözlərinə görə, xəstələrin xaricə göndərilməsi həm yüksək maliyyə itkisinə səbəb olur, həm də müalicə prosesində ciddi çətinliklər yaradırdı.
"Yeni mərkəzin yaradılması ilə bu problemlərin qarşısı böyük ölçüdə alınacaq. Mərkəzin qurulması üçün ciddi maliyyə tələb olunurdu, həmçinin mütəxəssis çatışmazlığı bu sahənin inkişafını ləngidirdi. Buna görə də həkimlər vaxtında xaricə təlimə göndərilib, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq qurulub".
Direktor bildirib ki, sümük iliyi transplantasiyasının uğurlu icrası üçün xəstəxananın güclü multidissiplinar komanda ilə işləməsi vacibdir və Yeni Klinika artıq bu səviyyəyə çatıb.
Türkan İsgəndərli
tag: TƏBİB,Brifinq,Barat Yusubov,Açıqlama,Todaypress.tv,
