Alzheimer xəstəliyinə yeni baxış

Sağlamlıq

19.01.2026 19:30

Son illərdə Alzheimer xəstəliyinin effektiv müalicəsinin axtarışı həm elmi, həm də ictimai müstəvidə mübahisəli xarakter alıb.

TodayPress TV xəbər verir ki, "The Conversation" nəşrinin yazdığına görə, getdikcə daha çox alim xəstəliyin yalnız beyində beta-amiloid yığılması ilə izah olunmasının kifayət etmədiyini düşünür.

Neyroalimlər bildirirlər ki, onilliklər ərzində aparılan tədqiqatlara baxmayaraq, amiloid lövhələrinin bloklanması və ya çıxarılması Alzheimer üçün təsirli müalicə yaratmayıb. Bu isə xəstəliyin səbəblərinə dair yeni yanaşmaların ortaya çıxmasına səbəb olub.

Kanadadakı Krembil Beyin İnstitutunun tədqiqatçıları 30 ildən artıq araşdırmalara əsaslanaraq Alzheimerin neyrodegenerativ deyil, autoimmun beyin xəstəliyi ola biləcəyini irəli sürüblər. Onların fikrincə, beta-amiloid zərərli maddə deyil, beynin immun müdafiəsində rol oynayan normal bir molekuldur.

Alimlərin izahına görə, beta-amiloid bakteriyalara qarşı müdafiə zamanı neyronları səhvən yad hüceyrə kimi tanıya və onlara hücum edə bilər. Bu proses xroniki iltihaba və sinir hüceyrələrinin tədricən məhvinə gətirib çıxarır.

Tədqiqatçılar vurğulayırlar ki, bu halda autoimmun xəstəliklərdə istifadə olunan standart müalicə üsulları uyğun deyil. Bunun əvəzinə, beyində immun proseslərin daha dəqiq tənzimlənməsi və neyroiltihabın nəzarət altına alınması perspektivli yanaşma kimi qiymətləndirilir.

Hazırda dünyada 50 milyondan çox insan demensiyadan əziyyət çəkir və bu səbəbdən Alzheimer xəstəliyinə daha geniş elmi baxışın formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Türkan İsgəndərli

TodayPress TV

tag: Alzheimer,Xəstə,Müalicə,Neyron,Todaypress.tv,