Alimlər piylənmə ilə xərçəng arasında əlaqə aşkar etdi

Sağlamlıq

22.01.2026 19:45

Moskvanın Seçenov Universitetinin alimləri piylənmə ilə onkoloji xəstəliklər arasında birbaşa əlaqə müəyyən ediblər. Araşdırmaya görə, bu xroniki xəstəlikdən 10 ildən artıq əziyyət çəkən şəxslər xüsusi risk qrupuna daxildir.

TodayPress TV xəbər verir ki, bu barədə Seçenov Universiteti məlumat yayıb.

2000 pasiyentin müşahidəsi nəticəsində onkoloji xəstəliklərin inkişafı baxımından ən yüksək risk qrupuna daxil olan şəxslər müəyyən edilib. Bu qrupa 10 ildən artıq davam edən abdominal piylənməsi olan, metabolik sindromun iki və ya daha çox komponentinə malik, irsi meyilliyi olan, arterial təzyiq, xolesterin və qlükoza səviyyəsinə nəzarət etməyən, həmçinin digər xroniki xəstəliklər üzrə daimi dərman müalicəsi almayan pasiyentlər daxildir.

Universitetdə qeyd olunub ki, onkoloji xəstəlik riski daha çox artıq çəkisi olan və ya piylənmənin birinci dərəcəsindən əziyyət çəkən, lakin arterial təzyiqi nəzarətsiz olan, karbohidrat və lipid mübadiləsi pozulmuş, müalicəyə zəif riayət edən şəxslərdə müşahidə olunur. 

Eyni zamanda bildirilib ki, piylənmənin ikinci və üçüncü dərəcəsi olan, lakin şəkərli diabet, arterial hipertenziya və ürəyin işemik xəstəliyi kimi xroniki xəstəliklərini effektiv şəkildə nəzarətdə saxlayan, qlükoza, xolesterin və sidik turşusu göstəricilərini normada tutan, həmçinin antihipertenziv, lipidkorreksiyaedici və şəkərsalıcı preparatları müntəzəm qəbul edən şəxslərdə xərçəngə tutulma faizi daha aşağıdır.

Qiymət Mahir

tag: Moskva,Seçenov,Elm,Xəstəlik,Todaypress.tv,