Təbiətin nadir möcüzəsi kameraya düşdü – FOTO

Təbiətin nadir möcüzəsi kameraya düşdü – FOTO
26.10.2026 02:36 Maraqlı

Macarıstanda təbiətsevərləri təəccübləndirən nadir quş görüntülənib. Alimlərin hesablamalarına görə, belə qeyri-adi rəngə malik quşlara təxminən 30 min fərddən birində rast gəlinir.

TodayPress TV xəbər verir ki, bu barədə Macarıstanın “Sokszínű Vidék” nəşri məlumat yayıb.

Ölkənin şimalındakı kiçik kəndlərdən birində yerli təbiət fotoqrafı Timea Panni Mişkoltsi qeyri-adi görünüşlü böyük arıquşunu (Parus major) lentə alıb.

Fotoqrafın sözlərinə görə, quşu ilk dəfə bir həftə əvvəl bağındakı su qabında çimərkən görüb. Lələkləri yaş olduğu üçün əvvəlcə onun fərqli görünüşünə əhəmiyyət verməyib. Lakin bir neçə gün sonra quş yenidən bağa qayıdanda qeyri-adi rəngləri diqqətini çəkib.

Adi böyük arıquşlarından fərqli olaraq, bu quşun başındakı qara lələklər boz-ağ rəngə çevrilib. Qanadları daha açıq rəngdə, quyruğunun bəzi hissələri isə tamamilə ağ olub. Bununla belə, belindəki zeytuni-yaşıl rəng qorunub.

Mütəxəssislərin fikrincə, bu qeyri-adi görünüşün səbəbi qismən leysizmdir.

Leyszim quşların lələklərində piqment çatışmazlığı nəticəsində yaranan genetik xüsusiyyətdir. Bu zaman lələklər qismən və ya tamamilə ağ rəng alır. Leyszim çox vaxt albinizmlə qarışdırılsa da, fərqli xüsusiyyətlərə malikdir. Belə quşların gözləri, dimdiyi və ayaqları adətən öz təbii rəngini qoruyur.

Araşdırmalara əsasən, vəhşi təbiətdə leysizm və ya albinizm əlamətləri ilə doğulan quşların ümumi nisbətinin təxminən 30 mində bir olduğu bildirilir.

Lakin qeyri-adi görünüş bu quşların həyatını çətinləşdirir. Açıq rəngli lələklər onları yırtıcılar üçün daha görünən edir. Bundan başqa, piqment çatışmazlığı olan lələklər daha tez aşına bilər.

Belə quşlar cütləşmə dövründə də çətinliklərlə üzləşə bilirlər. Çünki lələklərin rəngi və naxışları quşların sağlamlığı və gücü haqqında qarşı tərəfə müəyyən siqnallar verir. Rəng dəyişiklikləri isə uyğun tərəfdaş tapmağı çətinləşdirə bilər.

Ornitoloqlar bu cür nadir quşların müşahidə edilməsini və fotoşəkillərinin çəkilməsini xüsusi hadisə hesab edirlər.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər