Alimləri 70 ildir çaşdıran “canavar”: Mənşəyi hələ də sirr olaraq qalır

Alimləri 70 ildir çaşdıran “canavar”: Mənşəyi hələ də sirr olaraq qalır
26.10.2026 03:21 Maraqlı

Təxminən 300 milyon il əvvəl dənizlərdə yaşamış və qeyri-adi görünüşünə görə “Talli canavarı” adlandırılan canlı onilliklərdir alimlərin müzakirə mövzusudur. Minlərlə fosil nümunəsi tapılmasına baxmayaraq, tədqiqatçılar bu qədim canlının heyvanlar aləmində hansı qrupa aid olduğunu hələ də dəqiq müəyyənləşdirə bilməyiblər.

TodayPress TV “National Geographic Polska” nəşrinə istinadən xəbər verir ki, elmi adı Tullimonstrum gregarium olan canlı ilk dəfə 1958-ci ildə ABŞ-nin İllinoys ştatında aşkarlanıb.

Onun ilk fosilini həvəskar paleontoloq Frensis Talli tapıb. Qeyri-adi canlı sonradan məhz onun şərəfinə adlandırılıb.

İlk kəşfdən bəri bu canlının bir neçə min fosil nümunəsi aşkar edilib. Hətta 1989-cu ildə “Talli canavarı” rəsmi olaraq İllinoys ştatının fosil simvolu elan olunub.

Qeyri-adi görünüşü ilə seçilirdi

Alimlərin araşdırmalarına görə, “Talli canavarı” təxminən 30 santimetr uzunluğunda olub və 300 milyon il əvvəl dənizlərdə yaşayıb.

Canlının uzunsov bədəni, baş hissəsindən irəli uzanan qəribə çıxıntısı və həmin çıxıntının sonunda yerləşən ağzı olub. Gözləri isə başının iki tərəfində yerləşən xüsusi çıxıntı üzərində olub.

Pulcuqsuz, yumşaq bədəni eninə zolaqlarla örtülüb. Bədəninin arxa hissəsində isə suda hərəkət etməsinə kömək edən rombşəkilli quyruq üzgəci yerləşib.

Alimlərin fikrincə, bu canlının görünüşü adi balıqdan daha çox periskopla təchiz edilmiş kiçik sualtı aparatı xatırladır.

Alimlər arasında fikir ayrılığı yaranıb

“Talli canavarı”nın ən böyük sirri onun onurğalı, yoxsa onurğasız canlı olması ilə bağlıdır.

2016-cı ildə nüfuzlu “Nature” jurnalında dərc edilən araşdırmada alimlər onun onurğalı heyvan olduğunu irəli sürüblər.

Tədqiqatçılar fosillərdə qəlsəmə və xorda adlanan, onurğanın ilkin forması hesab edilən elastik dayaq quruluşunun izlərini müəyyən etdiklərini bildiriblər.

Bu xüsusiyyətlərə əsasən, canlının müasir minoqalara yaxın olduğu ehtimal edilib.

Lakin 2023-cü ildə yapon alimlərinin apardığı yeni araşdırma əvvəlki nəticələri şübhə altına alıb.

Tokio Universitetinin tədqiqatçıları 3D lazer skanerləri və mikrokompüter tomoqrafiyasından istifadə edərək 150-dən çox fosil nümunəsini təhlil ediblər.

Nəticələr göstərib ki, canlının anatomik quruluşunda onurğalılara xas bəzi əsas xüsusiyyətlər mövcud olmayıb.

Xüsusilə bədən seqmentlərinin baş nahiyəsinə qədər davam etməsi onurğalı heyvanların anatomiyası ilə uyğun gəlməyib.

Bu səbəbdən yapon alimləri “Talli canavarı”nın onurğasız canlı olması ehtimalını daha güclü hesab ediblər.

300 milyon illik sirr hələ də açılmayıb

Yeni araşdırmalar “Talli canavarı”nın onurğalı olması barədə əvvəlki nəzəriyyələri ciddi şəkildə zəiflətsə də, onun hansı heyvan qrupuna aid olduğu hələ də mübahisəlidir.

Alimlər bu qeyri-adi canlının təkamül tarixindəki yerini müəyyənləşdirmək üçün fosillər üzərində araşdırmaları davam etdirirlər.

Beləliklə, təxminən 300 milyon il əvvəl yaşamış “Talli canavarı” müasir paleontologiyanın ən maraqlı və sirli canlılarından biri olaraq qalır.

Kübra Musayeva

XƏBƏR LENTİ
26 OKTYABR 2026
Bütün Xəbərlər