Yəməndə son 24 saat - Husilər nəfəs aldırmır...
Son 24 saat ərzində Yəmənin qərb sahilində baş verən hadisələr münaqişənin gedişatını kəskin dəyişib.
Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr qısa müddətdə ciddi məğlubiyyətə uğradılar. Husilər dünən gecə Mokha şəhəri də daxil olmaqla bütün qərb sahilini ələ keçirib və irəliləyişlərini davam etdirirlər.
Bu əməliyyat nəticəsində Husilər Bab əl-Məndəb boğazı və Qırmızı dəniz üzərində məhdudiyyətsiz nəzarət əldə ediblər. Boğazın coğrafi mövqeyi və indi onların əlində olan sahil zolağı onlara istədikləri vaxt dəniz yollarını bağlamaq və ya ciddi şəkildə məhdudlaşdırmaq imkanı verir.
Bu, regional və qlobal enerji-ticarət təhlükəsizliyinə birbaşa təsir edən strateji dönüş nöqtəsidir.
Mokha limanının və ətraf sahilin sürətli şəkildə ələ keçirilməsi Səudiyyə-yönümlü qüvvələrin (xüsusən Tarıq Saleh qruplaşmalarının) mövqelərinin zəifliyini ortaya qoydu. Bir gün ərzində baş verən bu məğlubiyyət onların müdafiə xəttinin dağılmasını və loqistika problemlərini göstərir. Ənsarullah qüvvələri indi həm yerüstü, həm də dəniz istiqamətində təşəbbüsü tam ələ alıb.
Nəzərə alaq ki, Bab əl-Məndəb boğazı dünya neft və mal dövriyyəsinin mühüm hissəsinin keçdiyi nöqtədir.
Husilərin bu boğaz və Qırmızı dəniz üzərində məhdudiyyətsiz nəzarəti əldə etməsi onlara “bağlamaq və ya açmaq” qərarını demək olar ki, təkbaşına vermək imkanı yaradır. Bu, Səudiyyənin Qırmızı dəniz üzərindən ixrac marşrutlarını, beynəlxalq gəmiçiliyi və enerji bazarlarını birbaşa təhdid altına alır.
İranın regional təsiri güclənir. Ənsarullahın əldə etdiyi bu üstünlük Tehran üçün Səudiyyəyə və Qərb maraqlarına qarşı güclü təzyiq alətinə çevrilir.
Eyni zamanda, Yəmənin daxili qüvvə balansı da dəyişib: hökumət tərəfinin sahil xəttini itirməsi onların Sanaya doğru irəliləmək planlarını çətinləşdirir və müdafiəyə keçməyə məcbur edir.
Dünən gecə Yəmən münaqişəsi yeni mərhələyə keçdi deyə bilərik.
Jalə Rövşən