Trampın “yumşaq” Rusiya siyasəti: Bilir, amma toxunmur...
Təhlil
11.03.2026 16:40
ABŞ Prezidenti Donald Tramp Rusiyanın İrana kəşfiyyat məlumatları ötürməsi ilə bağlı yayılan iddialara münasibət bildirib.
Tramp buna inanmadığını deyib və qeyd edib ki, belə bir məlumat mübadiləsi olsa belə, bu, Tehrana real hərbi üstünlük qazandırmayıb.

Bu açıqlama fonunda sual yaranır: Tramp niyə Vladimir Putini açıq şəkildə ittiham etməkdən çəkinir? Bu, Moskvanı qıcıqlandırmamaq üçün seçilmiş diplomatik taktika, yoxsa böyük güclər arasında mövcud ola biləcək səssiz razılaşmaların göstəricisidir?
Eyni zamanda başqa bir sual da ortaya çıxır: Tramp hansı əsaslara dayanaraq Rusiyanın İrana real kəşfiyyat məlumatları ötürmədiyinə əmin olduğunu bildirir?
Məsələ ilə bağlı TodayPress TV-də danışan Azərbaycan Ümid Partiyasının idarə heyətinin üzvü, politoloq Anar İsayev Trampın bu açıqlamasının həm siyasi taktika, həm də real kəşfiyyat qiymətləndirməsi ola biləcəyini deyib:

“Burada bir neçə əsas ehtimal var. Əvvəla qeyd edim ki, Tramp tez-tez böyük güclərlə münasibətləri açıq qarşıdurma ilə deyil, diplomatik balansla idarə etməyə çalışdığını deyir. Əgər ABŞ açıq şəkildə Rusiyanı İrana kəşfiyyat məlumatı ötürməkdə ittiham etsə, Moskva bunu düşmən addımı kimi qəbul edə bilər və Rusiya doğrudan da İranla əməkdaşlığı daha da artırar. Həmçinin Ukrayna və digər istiqamətlərdə gərginlik yüksələr. Ona görə də Tramp bəzən ictimai ritorikanı yumşaq saxlayır. Bu, diplomatiyada tez-tez istifadə olunan üsuldur”.
Analitik, həmçinin bildirib ki, ABŞ kəşfiyyatı real təsirin böyük olmadığını düşünə bilər:

“Burada Trampın dediyi cümlə diqqət çəkir: “Əgər məlumat alırlarsa da, bu onlara çox kömək etmir”. Bu o deməkdir ki, ABŞ kəşfiyyatı müəyyən məlumat mübadiləsinin olduğunu ehtimal edir, amma bu məlumat operativ səviyyədə ciddi nəticə vermir. Məsələn, bunlar köhnə məlumatlar, ümumi situasiya məlumatları və ya gecikmiş kəşfiyyat məlumatları ola bilər. Belə hallarda isə real döyüş üstünlüyü yaranmır”.
A.İsayevin sözlərinə görə, burada həm də Rusiya və ABŞ arasında səssiz “qırmızı xətlər”in mövcud olduğunu nəzərə almaq lazımdır:
“Böyük güclər arasında bəzən açıq elan edilməyən razılaşmalar olur. Məsələn, Rusiya İranı hərbi cəhətdən tam dəstəkləmir, ABŞ isə Rusiyanı açıq düşmən kimi göstərmir. Bu tip geosiyasi balans xüsusilə Yaxın Şərqdə tez-tez olur. Eyni zamanda Trampın bu açıqlaması həm də İrana mesaj ola bilər. Yəni: “Rusiyadan kömək gözləməyin, bu, sizə üstünlük verməyəcək”. Bu, İranın strateji hesablamalarını zəiflətmək üçün istifadə olunan informasiya taktikasına bənzəyir. Hər bir halda hesab edirəm ki, Rusiya İranla müəyyən məlumat mübadiləsi edə bilər, amma tam və real vaxtda kəşfiyyat məlumatlarını paylaşması çox risklidir. Çünki bu, ABŞ ilə birbaşa qarşıdurma demək olar”.
Qiymət Mahir
tag: Anar İsayev,Politoloq,Tramp,Rusiya,Todaypress.tv,
