Abdullayev yenidən Çaloyanla üz-üzə gələcək

Abdullayev yenidən Çaloyanla üz-üzə gələcək
29.11.2026 01:32 İdman

Azərbaycan boksçusu Məhəmməd Abdullayevin Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Dünya Kubokunun final mərhələsində yarımfinal rəqibi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, +90 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Ermənistan boksçusu Davit Çaloyanla qarşılaşacaq. Finala vəsiqə uğrunda döyüş dekabrın 1-də keçiriləcək.

Çaloyan 1/4 finalda hindistanlı Savan Gillə qalib gəlib. Hakimlərdən dördü Ermənistan təmsilçisinin, biri isə rəqibinin üstünlüyünü qeydə alıb - 4:1.

Abdullayev isə ilk görüşündə polşalı Yakub Domuradı 4:0 hesabı ilə məğlub edib. Yarımfinala yüksələn boksçumuz özü üçün ən azı bürünc medalı təmin edib.

Qarşıdakı görüş Braziliyadakı finalın təkrarı olacaq. Bu ilin aprelində Fos-du-İquasuda keçirilən Dünya Kuboku mərhələsinin həlledici döyüşündə Abdullayevlə Çaloyan üz-üzə gəlmişdilər. Həmin qarşılaşmada Azərbaycan təmsilçisi 3:2 hesabı ilə qalib gələrək qızıl medal qazanmışdı.

Bu dəfə onların görüşünün qalibi dekabrın 3-də keçiriləcək finalda iştirak hüququ əldə edəcək.

Qeyd edək ki, Azərbaycan Daşkənd turnirində iki boksçu ilə təmsil olunur. Abdullayevlə yanaşı, Nəbi İsgəndərov da 70 kq çəki dərəcəsində mübarizə aparır.

XƏBƏR LENTİ
29 NOYABR 2026
Bütün Xəbərlər