FIFA Trampın Sülh Mükafatını ləğv edə bilər - Azərbaycanla bağlı detal da var
Beynəlxalq Futbol Federasiyası (FIFA) 2025-ci ildə ABŞ Prezidenti Donald Trampa təqdim etdiyi Sülh Mükafatının gələcəyi ilə bağlı müzakirələrə yenidən başlayıb.
TodayPress TV “The New York Times” qəzetinə istinadən xəbər verir ki, FIFA-dakı üç yüksəkvəzifəli mənbənin məlumatına görə, mükafatın ləğvi və ya adının dəyişdirilməsi nəzərdən keçirilir.
FIFA xüsusi komitəyə mükafatın hansı şəraitdə təsis edildiyini və gələcəkdə təqdim olunmasının məqsədəuyğunluğunu araşdırmağı tapşırıb.
Qəzetin iki həmsöhbəti mükafatın konsepsiyasına yenidən baxılması məsələsini FIFA prezidenti Canni İnfantinonun Donald Trampla yaxın münasibətlərindən yaranan narahatlığın artması ilə əlaqələndirib. Qurum daxilində gələcək laureatların kim olacağı və onların mükafatı qəbul etməyə razılaşıb-razılaşmayacağı ilə bağlı da qeyri-müəyyənlik mövcuddur.
Müzakirə olunan variantlardan biri mükafatın konsepsiyasını dəyişərək onu gələcəkdə futbolun inkişafına mühüm töhfə vermiş şəxslərə təqdim etməkdir.
Mükafatın təsis edilməsi və laureatın seçilməsi prosedurları da futbol ictimaiyyətində mübahisələrə səbəb olub. Norveç Futbol Federasiyasının prezidenti Lise Klaveness mükafatın FIFA-nın nizamnamə və qaydalarında hüquqi əsasının olmadığını bildirib.
UEFA da oktyabr ayında FIFA rəhbərliyinə ünvanladığı məktubda mükafatın təsis edilməsi və İnfantinonun Trampla münasibətləri barədə izahat tələb edib.
Mükafatın Azərbaycanla bağlılığı da diqqət çəkir. ABŞ Prezidentinə təqdim edilən heykəlcik Azərbaycanın Xalq rəssamları Səlhab Məmmədov və Əli İbadullayevin müəllifi olduğu “Düşüncələr və arzular” heykəlinin kiçildilmiş variantıdır. Əsərin orijinalı 2017-ci ildə Cenevrədə BMT-nin qərargahı qarşısında ucaldılıb.
Xatırladaq ki, FIFA Sülh Mükafatının təsis edildiyini 2025-ci il noyabrın 5-də elan edib. Mükafatın hər il sülh naminə insanları birləşdirmək istiqamətində müstəsna töhfə vermiş şəxslərə təqdim olunması nəzərdə tutulurdu.
Donald Tramp mükafatın ilk laureatı olub. Canni İnfantino 2025-ci il dekabrın 5-də Vaşinqtonda keçirilən 2026-cı il dünya çempionatının püşkatma mərasimində mükafatı ABŞ Prezidentinə təqdim edib.
Mükafatın gələcəyi ilə bağlı məsələnin FIFA Şurasının dekabr ayında keçiriləcək iclasında müzakirə olunacağı gözlənilir. Mükafat ləğv edilərsə, Donald Tramp onun ilk və son laureatı kimi tarixə düşəcək.