Pakistan ordusu Səudiyyə yolunda - Məkkə paktı işə düşdü
Pakistan Yəmənin husilər qruplaşmasının Ər-Riyadın neft və iqtisadi infrastrukturuna hücumlarını intensivləşdirdiyi bir vaxtda, “razılaşdırılmış öhdəliklər və müəyyən edilmiş müdafiə əməkdaşlığı çərçivəsində” Səudiyyə Ərəbistanına hərbi qüvvələr göndərib.
TodayPress TV xəbər verir ki, hərbçilərin Səudiyyə Ərəbistanına yola salınması ilə bağlı keçirilən mərasimdə müdafiə naziri Xavaca Məhəmməd Asif, Səudiyyə Ərəbistanının Pakistandakı səfiri Racih Tami Əl-Buqami, Pakistan Ordusunun Baş Qərargah rəisi, general-leytenant Ömər Əhməd Buxari və Pakistan Ordusunun Lahor Korpusunun komandiri, general-leytenant Məhəmməd Ömər Bəşir iştirak ediblər.
Bu addım Məkkə üçtərəfli müdafiə paktının müdafiə və xarici işlər nazirlərinin Pakistanın paytaxtı İslamabadda görüşərək neftlə zəngin krallığın müdafiəsinə dəstəklərini bir daha təsdiqləməsindən bir neçə gün sonra atılıb.
“Hərbi qüvvələrin yerləşdirilməsi iki qardaş ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığa və qardaşlıq əlaqələrinə əsaslanan Pakistanın Səudiyyə Ərəbistanı Krallığının təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sarsılmaz sadiqliyini əks etdirir”, - deyə Pakistan ordusunun bəyanatında bildirilib.
Əlavə olunub ki, Pakistan krallığın təhlükəsizliyinin və Harameyn Şərifeynin (Məkkə və Mədinədə yerləşən iki müqəddəs məkanın) toxunulmazlığının qorunmasına sadiqliyini davam etdirir.
Bildirilib ki, hərbçilər Səudiyyə Ərəbistanı ərazisində, razılaşdırılmış öhdəliklər və müəyyən edilmiş müdafiə əməkdaşlığı çərçivəsində onlara həvalə edilmiş vəzifələri yerinə yetirəcəklər.
“Bu qüvvələrin yerləşdirilməsi yaranmaqda olan təhlükəsizlik narahatlıqları fonunda Krallığın müdafiə imkanlarının daha da gücləndirilməsinə töhfə verəcək”.
Aysel Mətləb