Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi

Tramp Avropa üçlüyünü ağır cəzaya məhkum etdi
09.07.2026 13:50 Təhlil

Ankara sammitinin ən çox danışılan hadisələrindən biri ABŞ Prezidenti Donald Trampın NATO-nun müdafiə büdcəsi öhdəliklərini yerinə yetirməyən və ABŞ-nin xarici siyasət xəttinə qarşı çıxan İspaniya, Fransa və İtaliya üçlüyünə sərt diplomatik çıxışları oldu.

TodayPress TV xəbər verir ki, beynəlxalq mediada "ağır cəza" kimi qiymətləndirilən bu qərarlar Alyans daxilində ciddi böhrana yol açıb.

Məsələnin kökündə uzun illərdir davam edən müdafiə xərcləri davası dayanır. NATO qaydalarına görə, üzv ölkələr Ümumi Daxili Məhsulunun (ÜDM) ən azı 2%-ni hərbi sahəyə ayırmalıdır. Lakin İspaniya və İtaliya uzun müddətdir bu limiti keçə bilmir və siyahının ən sonlarında yer alır. Sammitdə çıxış edən Tramp bu ölkələri açıq şəkildə ABŞ vergi ödəyicilərinin kürəyinə yük olmaqda və hesab ödəmədən restoranda oturan müştərilərə bənzətməkdə günahlandırıb. Eyni zamanda Fransa Prezidenti Emmanuel Makronun ABŞ-dən asılı olmayan müstəqil "Avropa Ordusu" qurmaq iddiaları və Ukrayna böhranına yanaşmadakı fərqli mövqeyi də Trampın sərt reaksiyası ilə qarşılaşıb və Vaşinqton bu ambisiyaları boş və əsassız adlandırıb.

Tramp bu üç ölkəni təkcə tənqid etməklə kifayətlənməyib, onlara qarşı konkret diplomatik və hərbi təcrid mexanizmini işə salıb. Belə ki, sammit çərçivəsində NATO-nun gələcək hərbi strategiyalarının və yeni maliyyə planlarının müzakirə edildiyi ən kritik qapalı iclaslara Fransa, İspaniya və İtaliya nümayəndələri dəvət edilməyib, əsas qərarlar bu üçlük olmadan qəbul olunub.

Bundan əlavə, ABŞ-nin maliyyələşdirdiyi bəzi mühüm hərbi texnologiya və kəşfiyyat mübadiləsi proqramlarında bu üç ölkənin iştirakı müvəqqəti olaraq dayandırılıb. Tramp, həmçinin sammit boyu hər üç ölkənin lideri ilə ikitərəfli görüşlərdən qəti şəkildə imtina edərək onlara rəsmi Vaşinqtonun etibarını itirdiklərini nümayiş etdirib.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
09 IYUL 2026
Bütün Xəbərlər