Şəhid analarını kimlər hədəfə gətirib, təhqir etdirir? – AÇIQLAMA

Şəhid analarını kimlər hədəfə gətirib, təhqir etdirir? – AÇIQLAMA
07.09.2026 12:00 Təhlil

"İşğaldan azad edilmiş ərazilərə səfərlərim zamanı yol boyunca qayalıqların üzərində müxtəlif adların yazıldığının şahidi oluram. Təəssüf doğuran əsas məqam isə odur ki, bu yazılar arasında şəhidlərimizin adlarına da rast gəlinir".

Bunu Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyasının (AMZA) rəhbəri Rey Kərimoğlu TodayPress TV-yə danışarkən deyib.

O, tarixi və təbii qayalıqların üzərinə yazı yazılmasının yolverilməz olduğunu vurğulayıb:

"Qayaların üzərinə bu cür yazılar yazmaq yolverilməzdir. Təbiətin və tarixi məkanların simasını korlamaq, onları bu vəziyyətə salmaq olmaz. Üstəlik, qayalara yazılan adların heç də hamısı şəhidlərə aid deyil, müxtəlif insanların adlarına da rast gəlinir. Bu səbəbdən belə hallara yol verilməməli, həmin ərazilərə münasibətdə daha məsuliyyətli və həssas davranılmalıdır".

AMZA rəhbəri bununla yanaşı, sosial şəbəkələrdə şəhid analarının hədəf göstərilməsini və onlara qarşı mənfi kampaniyaların aparılmasını da kəskin pisləyib:

"Şəhid analarını hədəfə götürmək, onları sosial şəbəkələrdə bu cür təzyiq və ittihamlara məruz qoymaq yolverilməzdir. Şəhid anasının hansısa xahişinin olması, bir dəfə, beş dəfə, hətta on dəfə müraciət etməsi nə qəbahətdir ki? Əksinə, övladını itirmiş bir ananın istəyinə və müraciətinə hörmətlə yanaşmaq lazımdır".

Rey Kərimoğlu sonda qeyd edib ki, əgər şəhid anası hər hansı qanunsuzluğa yol veribsə, bunun üçün qanun var və məsələ hüquqi müstəvidə həll olunmalıdır. 

"Lakin bir neçə şəhid anasını hədəf seçərək sosial şəbəkələrdə onların əleyhinə kampaniya aparmaq, təhqiramiz ifadələr işlətmək düzgün deyil. Bu, həm mənəvi baxımdan yolverilməzdir, həm də şəhid ailələrinə göstərilməli olan hörmət və ehtiramla bir araya sığmır", - deyə o, fikrini tamamlayıb.

Türkan İsgəndərli

TodayPress TV

FOTOLAR

Şəhid analarını kimlər hədəfə gətirib, təhqir etdirir? – AÇIQLAMA — 1
XƏBƏR LENTİ
07 SENTYABR 2026
Bütün Xəbərlər