İrana rəhbərlik edən azərbaycanlı cərrah - niyə bu qədər sevildi?

İrana rəhbərlik edən azərbaycanlı cərrah - niyə bu qədər sevildi?
30.09.2026 15:05 Təhlil

İran Prezidenti Məsud Pezeşkian sentyabrın 29-da 72 ili arxada qoydu. Onun həyat hekayəsinə baxanda əslində İranın özünün mürəkkəb siyasi və sosial mənzərəsindən çox da fərqlənmir.  Mahabadda doğulan bir azərbaycanlı türkün İranın siyasi sistemində ən yüksək vəzifəyə qədər yüksəlməsi onun bioqrafiyasındakı ən diqqətçəkən məqamlardan biridir. 


O, 1954-cü ildə İranın Qərbi Azərbaycan ostanının Mahabad şəhərində anadan olub. Atası Məhəmməd Əli Pezeşkian (1929–1978) Urmiya kökənli azərbaycanlı, anası Məhbubə Sudbaxş (1930–1988) isə bəzi mənbələrdə kürd mənşəli göstərilsə də, Pezeşkian özü dəfələrlə “Atam da türkdür, anam da, mən türk olduğum üçün fəxr edirəm” deyib. O, azərbaycanlı ata,  kürd ananın övladıdır və onun həm azərbaycanlılar, həm də kürdlər arasında sevənləri var.

O, yeddi uşaqlı ailənin beşinci övladıdır. Uşaqlıq və ilk təhsil illərini Mahabadda keçirib (1961–1969), sonra Urmiyaya köçüb.

1969–1973-cü illərdə Urmiya Kənd Təsərrüfatı Texnikumunda oxuyub və qida sənayesi üzrə diplom alıb. Bu detal onun həyatında peşə seçiminin ilk olaraq tibb olmadığını, sonradan dəyişdiyini göstərir. 1973–1975-ci illərdə hərbi xidmətini Sistan və Bəlucistan ostanının Zabol şəhərində keçirib. Məhz bu dövrdə tibbə maraq göstərib. Xidmətdən sonra Təbriz Tibb Elmləri Universitetinə daxil olub (1976). Tələbəlik illərində Quran dərsləri təşkil edib.  Hətta 1979-cu il inqilabına aparan proseslər zamanı tələbə fəallığında da iştirak edib. 1985-ci ildə ümumi tibb təhsilini başa vurub, fiziologiya fənnindən dərs deməyə başlayıb. 1990-cı ildə Təbrizdə ümumi cərrahiyyə, 1993-cü ildə isə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə ixtisaslaşıb.

1980–1988-ci illər İran-İraq müharibəsi zamanı cəbhəyə tibbi dəstələr göndərib, özü də həm həkim, həm də yaralıların müalicəsində birbaşa iştirak edən döyüşçü kimi fəaliyyət göstərib. Bu, onun sonrakı “milli təhlükəsizlik” və hərbi məsələlərə münasibətini anlamaq üçün maraqlı faktordur.  Müharibədən sonra Təbrizdə ürək xəstəxanasında çalışıb, daha sonra oranın rəhbəri olub. 1994–1999-cu illərdə Təbriz Tibb Elmləri Universitetinin rektoru vəzifəsini tutub. Bu dövrdə kənd yerlərində klinikaların açılması layihələrinə canfəşanlıqla rəhbərlik edib. 

Səhiyyə naziri olduğu illərdə də kənd yerlərində tibbi xidmətin genişləndirilməsinə xüsusi diqqət yetirib. Nazirliyi dövründə kənd yerlərində təxminən 25 milyon insan üçün tibbi sığortaya çıxış genişləndirilib və nazirliyin büdcəsi təxminən iki dəfə artırılıb. 

Tələbəlik illərində ginekoloq Fatimə Məcidi ilə tanış olub və evlənib. Dörd övladları olub - üç oğul və bir qız. 1994-cü ildə ailəvi səfərdən qayıdarkən avtomobil qəzasında həyat yoldaşı və övladı qızı bəzi mənbələrə görə isə ən kiçik oğlu həlak olub.  Pezeşkian bir daha evlənməyib, digər üç övladını - qızı Zəhra, oğulları Mehdi və Yusifi tək böyüdüb.

Qızı Zəhra kimya üzrə magistr dərəcəsi alıb və atasına yaxın məsləhətçi kimi tanınır. Övladlarından biri Şərif Texnologiya Universitetini bitirib.


Siyasətə 1997-ci ildə Məhəmməd Xatəminin administrasiyasında səhiyyə nazirinin müavini kimi daxil olub. 2001–2005-ci illərdə səhiyyə naziri olub. Pezeşkianın parlamentə girməsinin səbəblərindən biri Mahmud Əhmədinejad dövründəki yüksək dövlət xərclərinə etirazı olub — yəni parlamentə keçidinin arxasında yalnız siyasi karyera ambisiyası deyil, dövlət idarəçiliyinə münasibət də dayanırdı. 2006-cı ildən Təbriz, Osku və Azərşəhr dairəsini təmsil edən parlament deputatı seçilib.  2016–2020-ci illərdə isə artıq  parlamentin birinci müavini idi.

İslahatçı qanada yaxın mövqe tutsa da, bitərəf siyasətçi kimi tanınıb. 2009-cu il etirazları zamanı parlamentdə təhlükəsizlik qüvvələrinin nümayişçilərə qarşı zorakılığını tənqid etmişdi.  2019-cu ildə benzin qiymətlərinin artırılmasından sonra başlayan etirazlarda hökumətin məsuliyyət daşıdığını deyərək  “daha yaxşı edə bilərdik” mövqeyini ifadə edərək xalqın yanında olub. 

Etnik azlıqların hüquqları, xüsusilə azərbaycanlıların dil və mədəni məsələləri mövzusunda açıqlamaları ilə diqqət çəkir. 

2021-ci ildə prezidentliyə namizəd olmaq istəsə də, Konstitusiyanın Keşikçilər Şurası tərəfindən namizədliyi təsdiqlənməyib.  2022-ci ildə Məhsa Əmininin ölümündən sonra da açıq mövqe bildirərək, hicaba görə qadının həbs olunmasını və sonradan cəsədinin ailəsinə təhvil verilməsini qəbuledilməz adlandırıb.

2024-cü ilin iyun-iyul aylarında keçirilən növbədənkənar prezident seçkilərində islahatçı namizəd kimi iştirak edir. Birinci turda lider çıxıb, ikinci turda Səid Cəlilini məğlub edərək qalib gəlir. 28 iyul 2024-cü ildə Ali Rəhbər tərəfindən təsdiqlənir və 30 iyulda and içir. 


Nəhayət 69 yaşında vəzifəyə gələrək İranın ən yaşlı prezidenti olub.

Prezidentliyi dövründə həmişə islahatçı tonla çıxış edib: Qərblə nüvə danışıqlarına qayıtmaq, daxildə mülayim sosial islahatlar -  hicab məsələsi daxil olmaqla - ,qonşu ölkələrlə əlaqələrin gücləndirilməsi vəziyyətlərini önə çəkib.

Digər tərəfdən, Pezeşkian heç vaxt klassik mənada sistemdən kənar siyasətçi olmayıb. 2024-cü il kampaniyasında belə İranın hərbi və müdafiə potensialını, o cümlədən SEPAH və ordunun çəkindirmə imkanlarını açıq şəkildə müdafiə edib. 

Kabineti 2024-cü ilin avqustunda parlament tərəfindən təsdiqlənib. İqtisadi çətinliklər, sanksiyalar, inflasiya və valyuta problemləri ilə üzləşib. 2025-ci ildə İran-İsrail gərginliyi və qısamüddətli münaqişə, eləcə də ABŞ ilə münasibətlər onun prezidentliyinin əsas sınaqlarından oldu. Nüvə proqramı, enerji təhlükəsizliyi, turizm və infrastruktur layihələrinə diqqət yetirib. Azərbaycan, Türkiyə və digər qonşularla əlaqələri dərinləşdirməyə çalışıb.

Pezeşkianın şəxsiyyətini yalnız siyasi fəaliyyəti ilə izah etmək kifayət deyil. Onun davranışlarını və qərarlarını anlamaq üçün psixoportretini orataya qoymaq lazımdır. 

Psixoportretologiya, mental portretologiya və geosiyasət üzrə mütəxəssis Adıgözəl Məmmədov bu barədə TodayPress TV-yə danışarkən bildirib ki, Pezeşkianın xarakterinin və siyasi davranışlarının formalaşmasında onun doğulduğu mühit xüsusi əhəmiyyət daşır:


"Amma Pezeşkianın həyat yolunda ən əsas rolu onun valideynləri və ailə mühiti oynayıb. O, Azərbaycan mühitində tərbiyə almış bir adamdır. Ailədə Azərbaycan dilində, türkcə danışılıb. Dil sadəcə ünsiyyət vasitəsi deyil, həm də bir elmdir – psixolinqvistika. Psixolinqvistika göstərir ki, insanın fərdi kimliyinin formalaşmasında hansı dildə düşünməsi böyük əhəmiyyət daşıyır. 


İnsanın xarakteri təxminən 25 yaşa qədər formalaşır. Əgər insan uşaqlıqdan yetkinlik yaşına qədər, xüsusən 17–23 yaşına qədər ailədə və sosial mühitdə öz ana dilində danışarsa, yalnız təhsil sahəsində fars dilinin təsirinə məruz qalarsa, bu o deməkdir ki, hər iki mədəniyyətin təsiri olsa da, daha çox ailədə danışdığı dil onun milli kimliyini və milli identifikasiyasını formalaşdırır. Dil həm də keçmişlə gələcək arasında bir körpüdür. Dil vasitəsilə insanın şüurunda semantik-psixoloji status yaranır. Ona görə də Pezeşkian milli şüura malik bir insandır". 

Ekpert əlavə edib ki, o, eyni zamanda mənəviyyatlı, mənəvi cəhətdən təmiz bir insandır: 

"Bu xüsusiyyətini heç vaxt nəzərdən qaçırmamaq lazımdır. Pezeşkian sonrakı həyatında bu mənəvi kodları öz ailəsində, övladlarında da davam etdirib. Bununla yanaşı, Pezeşkian dindar, inanclı bir insandır. İnanc sahibi olduğu üçün dini-ruhani dəyərlər onun xarakterinin formalaşmasında mühüm rol oynayıb". 

Adıgözəl Məmmədov Pezeşkianın ixtisasının onun həyatına təsirindən danışıb:

"Pezeşkian həm də həkimdir. Həkim peşəsi ona analitik düşüncə və differensasiya (fərqləndirmə) qabiliyyəti qazandırıb. Həkim diaqnoz qoyanda həmişə fərqləndirmə aparır. Bu xüsusiyyət Pezeşkianı digər siyasi rəqiblərindən bir addım irəli aparır. Çünki o, bütün həyatı boyu differensasiya ilə yanaşan bir qiymətləndirmə sisteminə malikdir.


Pezeşkian həm də humanist bir insandır. Aldığı tərbiyə və təhsil, insanlara kömək edən bir sahə ona humanist yanaşma aşılayıb. Buna görə də o, çox zaman öz fikirlərini humanizm çalarları ilə ifadə etməyə çalışır". 

Tədqiqatçı qeyd edib ki, bütün bu keyfiyyətlərin cəmi Pezeşkianı bir dövlət adamı edir. 

"Onun dövlət adamlığı bəzən müəyyən qrupların maraqlarına uyğun gəlməyə bilər və daxili keçirdiyi tərəddüdlər bəzən üzə çıxır. Bu da bəzi narazılıqlara səbəb olur. Amma bu o demək deyil ki, Pezeşkian hansısa qrupa və ya şöbəyə bağlıdır. O, İran dövlətinin və İran dövlətçiliyinin təmsilçisidir. Bütün siyasətini bu dövlətçiliyin güclənməsi istiqamətində formalaşdırıb.

Bu formalaşmada milli şüur çaları da var. Zaman-zaman Azərbaycana qarşı bəzi münasibətlərdə bu genetik kodlar və bariyer funksiyası tam işləməyə bilər. Bu da təbii bir məsələdir", - Adıgözəl Məmmədov fikrini tamamlayıb. 

Yeri gəlmişkən qeyd edək ki, Məsud Pezeşkianın prezidentliyi Azərbaycan-İran münasibətlərinə də kəskin ideoloji ritorikadan uzaq, soyuqqanlı pragmatizm və etnik-mədəni doğmalıq gətirdi.

O, Tehrandakı mühafizəkar mərkəzlərin şübhələrinə və regiondakı geostrateji maraqların toqquşmasına rəğmən, Bakı ilə körpüləri yandırmaq yox, tikmək yolunu seçdi.


Lakin bu münasibətlərin gələcəyi yalnız Pezeşkianın xoş Məramından asılı deyil. O, bir tərəfdən İranın dərin dövlət aparatının Qafqaz siyasətini idarə etməli, digər tərəfdən isə Bakının dəyişən regional reallıqlarına uyğunlaşmalıdır. Pezeşkianın xarakterindəki diplomatik elastiklik Bakı-Tehran xəttini böhranlar zolağından çıxara bilsə də, iki ölkə arasındakı münasibətlərin əsl dərinliyini qarşıdakı böyük geosiyasi sınaqlar müəyyən edəcək.

Jalə Rövşən 


XƏBƏR LENTİ
30 SENTYABR 2026
Bütün Xəbərlər