Paşinyanın təzadlı addımı - Rusiya Ermənistanda yerini bərkidir
"Rusiya rəsmilərinin az qala tamamı Ermənistan hakimiyyəti haqqında tənqidi fikirlər səsləndirərkən, Rusiyanın Federal Agentliyi olan “Rossotrudniçestvo”nun rəhbəri İqor Çayka iki ölkə arasındakı münasibətləri normal adlandırıb".
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik qeyd edib ki, bunun çox sadə səbəbi var:
"“Rossotrudniçestvo” Ermənistanın iki şəhəri - Artaşat və Aştarekdə “Rus evləri” açacaq. Ona görə də bu təşkilatın rəhbəri “münasibətlərin normal” olduğunu bildirib. Halbuki, reallıq fərqlidir. “Rus evləri”nin müxtəlif ölkələrdə hansı məzhəbə xidmət etdiyi bəllidir. Azərbaycan da daxil olmaqla bir sıra ölkədə “Rus evi”nin fəaliyyəti dayandırılıb. Buna baxmayaraq, “Rossotrudniçestvo” Ermənistanla yanaşı müxtəlif ölkələrdə əlavə olaraq 11 “Rus evi” açmağı planlaşdırıb".
Politoloq Rusiyanın Ermənistana təsir alətlərini neytrallaşdırmağa çalışan baş nazir Nikol Paşinyanın ölkəsində yeni “Rus evləri”nin açılmasına icazə verməsini məntiqsiz adlandırıb.
Jalə Rövşən