Oyun hələ bitməyib - Paşinyanın qarşısında şərtlər qoyuldu
Parlament seçkilərində Nikol Paşinyanın partiyası təxminən 49,8% səs topladı.
O, 101 mandatlı parlamentdə təkbaşına hökumət qurmaq üçün kifayət edən mandat (təqribən 61-64 yer) qazanıb. Əvvəlki nəticələrə nisbətən bir az irəliləyiş var, amma 59% yox.
Buna baxmayaraq, stabil çoxluq əldə edib və bu, ona xeyli siyasi güc verir. Konstitusiya dəyişikliyi üçün isə işlər bir az çətindir. Layihəni referenduma çıxarmaq üçün parlamentdə 2/3 səs (təxminən 72 mandat) lazımdır.
Paşinyanın indiki mandatları buna çatmır, ona görə də müxalifətdən və ya digər qruplardan əlavə dəstək tapmalıdır.
Əgər referendum keçsə, qəbul olunması üçün iki şərt var: iştirak edənlərin yarısından çoxu “bəli” deməli və bütün səsvermə hüququ olan vətəndaşların ən azı 25%-i “bəli” səsi verməlidir. Yəni turnout ( seçici fəallığı) aşağı düşərsə ,məsələn, 40-45%, hər şey risk altında qala bilər – xalqın laqeydliyi dəyişikliyi əngəlləyər.
Paşinyan artıq deyib ki, referendum 2026 seçkilərindən sonra, yəni 2027-ci ildə olacaq. O, bunu “Real Ermənistan” ideyası və Azərbaycanla sülh prosesi ilə bağlayır. Seçki qələbəsi ona əlavə legitimlik verdi, amma müxalifət, xüsusilə rusmeyilli qüvvələr buna qarşı ciddi mübarizə apara bilər.
Paşinyan indi əvvəlkindən daha güclü mövqedədir və referendumu keçirmək üçün real imkanı var. Amma 72 mandat baryeri və referendumun sərt qaydaları onu kompromis axtarmağa, təbliğatı gücləndirməyə və bəlkə də kiçik razılaşmalara məcbur edəcək. Sülh və “yeni Ermənistan” kartı işləsə, uğur qazana bilər. Əks halda, ölkədə bölünmə daha da dərinləşəcək. Oyun hələ davam edir.
Jalə Rövşən