NATO-dan çox gündəm Trampın tualeti oldu, yanından ayırmadılar
NATO sammiti üçün Türkiyəyə 1400 nəfərlik nəhəng bir heyətlə gələn ABŞ nümayəndə heyəti Çankayanın ən lüks otellərindən birində məskunlaşdı.
Təhlükəsizlik tədbirləri çərçivəsində ABŞ Prezidenti Donald Trampın qalacağı otel tamamilə bağlandı, burada ondan və komandasından başqa heç bir kənar şəxsin qalmasına icazə verilmədi. Ağ Ev rəhbəri özü isə otelin 190 kvadratmetrlik xüsusi prezident süitində yerləşdi.
Lakin bu yüksək səviyyəli səfərdə ən çox diqqət çəkən və maraq doğuran detal otelin dəbdəbəsi deyil, Trampın özü ilə birlikdə gətirdiyi şəxsi tualet sistemi oldu. Bir dünya liderinin öz bioloji tullantılarını belə yanında daşıması ilk baxışda qəribə görünsə də, əslində, bunun arxasında çox ciddi kəşfiyyat protokolları dayanır.
Dünya liderlərinin xarici səfərlər zamanı öz tualetlərini yanlarında aparmaları təhlükəsizlik, kəşfiyyatın qarşısının alınması və tibbi məlumatların qorunmasını hədəfləyən standart prosedurdur. Çünki insanın nəcis və sidik nümunələrindən onun DNT-si analiz edilə, genetik meylləri, gizli qalan xəstəlikləri və bütün sağlamlıq profili asanlıqla üzə çıxarıla bilər. Dövlət başçısı üçün bu cür məlumatların rəqiblərin əlinə keçməsi çox böyük zəiflik və strateji məğlubiyyətdir. Liderin DNT və tibbi sirlərinin aşkarlanması rəqib dövlətlərə siyasi şantaj etmək, ölkənin daxili siyasətini qarışdırmaq və ya ən pisi, həmin şəxsin genetik quruluşuna xüsusi uyğunlaşdırılmış bioloji sui-qəsd silahları hazırlamaq imkanı verir. Məhz bu qorxulu risklərə görə liderlərə aid bioloji atıqlar hər an nəzarətdə saxlanılır və tam təhlükəsiz şəkildə məhv edilir.
Digər tərəfdən, ümumi istifadəyə açıq tualetlər də həm bioloji, həm də fiziki sui-qəsd təhlükələrinə görə heç vaxt seçim olmur. Bu səbəbdən təkcə Tramp yox, dünyanın əksər güclü dövlət başçıları xarici ölkələrə gedərkən portativ tualet sistemlərini özləri ilə aparırlar.
Ən maraqlı isə budur ki, Trampın Ankarada istifadə etdiyi şəxsi tualet sistemindəki bioloji tullantılar yerli kanalizasiya şəbəkəsinə buraxılmadı. Əvvəlki ABŞ prezidentlərinin səfərlərində də ciddi şəkildə tətbiq edilən protokola əsasən, prezidentin bütün bioloji materialları xüsusi və təhlükəsiz şəkildə qablaşdırılaraq ABŞ-yə geri aparıldı.
Qiymət Mahir