Moskva ilə Tehran İrəvanı küncə sıxdı
İran Ermənistana “Tramp yolu” – TRIPP-in təhlükəsizliyi ilə bağlı yeni şərt irəli sürüb.
Tehran layihənin təhlükəsizliyinin yalnız Ermənistan Silahlı Qüvvələri və ya artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri tərəfindən təmin edilməsini tələb edir.
Bəs, İranın Paşinyana sözügedən layihə ilə bağlı gözlənilmədən yeni və sərt şərtlər irəli sürməsi nəyin göstəricisidir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Bəybala Mirzə bildirib ki, bu, eyni vaxtda həm İranın bölgədə özbaşınalığının, hegemonluğunun göstəricisidir, həm də ABŞ-nin bölgəyə gəlişindən, onun amerikalıların burada hərbi varlığından qorxduğunun əlamətidir.
Ekspert qeyd edib ki, bu hegemonluq və qorxu rejimin sözügedən tələbindən açıq görünür:
"Belə ki, İran hakimiyyəti tələb edib ki, TRIPP layihəsinin təhlükəsizliyini ya Ermənistan Silahlı Qüvvələri, ya da artıq Ermənistan ərazisində yerləşən üçüncü ölkənin silahlı qüvvələri təmin etsin.
"Torbada pişik var" məşhur məsəlimiz, bax, bu yerdə boy göstərir və də lap yerinə düşür.
Əcaba, "Ermənistan ərazisində yerləşən üçüncü ölkə", görəsən, hansı ölkədir?
Əlbəttə ki, Rusiya!
Bəli, heç bir şübhə yeri yoxdur ki, burada məhz Rusiyanın silahlı qüvvələri nəzərdə tutulur. Bu, Rusiyanın rolunu məqsədli şəkildə qabartmaq istəyidir".
Siyasi şərhçinin qənaətincə, bu Tehranla Moskvanın öncədən razılaşdırılmış birgə oyundur. Tehran bununla ABŞ hərbçilərinin öz sərhədləri yaxınlığında peyda olmasının qarşısını almağa çalışır.
Politoloq molla rejimini bir güllə ilə iki dovşan vurmaq istəyən ovçuya bənzədib:
"Bir tərəfdən Amerika əsgərlərinin öz sərhədləri yaxınlığında peyda olmasına mane olmaq istəyir, o biri tərəfdən isə hazırda Ermənistanın xarici siyasətinin əsas layihəsi sayılan TRIPP marşrutunun (Zəngəzur dəhlizinin) həyata keçirilməsini daha da çətinləşdirməyə səy göstərir".
Onun sözlərinə görə, İran Cənubi Qafqazda söz sahibi olmaq istəyir:
"TRIPP kimi layihələr bu təsiri azalda bilər. Ona görə də Tehran prosesi mümkün qədər ləngitmək və şərtləri sərtləşdirməklə manevr edir".
Bəybala Mirzə İranın planının Rusiyaya da sərf etdiyini düşünür:
"Ermənistanı cəzalandırmaq istəyən Rusiya İranın bu təzyiq və tələbini göydəndüşmə hesab edir. Bir sözlə, Tehran və Moskva həmişəki kimi bu gün də Cənubi Qafqazda sinxron hərəkət edir. Çünki Moskva ilə Tehranın Cənubi Qafqazda maraqları böyük ölçüdə üst-üstə düşür. Ancaq xoşbəxtlikdən, bu "cütlük" bölgəyə əvvəlki təsir imkanlarını artıq çoxdan itirib. Belə sərt reaksiyalar və tələblər adətən o zaman ortaya çıxır ki, o tələbləri irəli sürən tərəflər öz əvvəlki dominant mövqelərinin zəiflədiyini hiss edir. Yəni Tehran da, Moskva da artıq bu bölgədə əvvəlki qədər sərbəst hərəkət edə bilmədiklərini tam anlayırlar.
Paşinyanı isə Moskva və Tehranın "məngənə"sindən yalnız Azərbaycan və Türkiyə, ABŞ və Avropa İttifaqı ilə birlikdə xilas edə bilər".
Jalə Rövşən