Məkkə Sazişi - Yaxın Şərqdə dörd ölkə müharibəyə girir

Məkkə Sazişi - Yaxın Şərqdə dörd ölkə müharibəyə girir
06.10.2026 13:00 Təhlil

Yaxın Şərqdə qarşıdurma yeni mərhələyə keçir. Yəməndə husilərlə döyüşlərin kəskinləşməsi Səudiyyə Ərəbistanını Türkiyə və Pakistanla imzaladığı müdafiə sazişini praktiki şəkildə işə salmağa vadar edib. Üç ölkə razılaşdırılmış hərbi qüvvə və imkanların Krallığa sürətli yerləşdirilməsi barədə qərar qəbul edib. Regionda yeni hərbi bloklaşmanın formalaşması ehtimalı gündəmdədir. 

Bəs Yaxın Şərqdə münaqişənin miqyasının bu istiqamətdə  böyüməsi yaxındırmı?

Sözügedən məsələ ilə bağlı politoloq Əli Mustafa TodayPress TV-yə danışıb.

Hazırda dünyada sabitliyin ciddi şəkildə pozulduğunu xatırladan analitik qeyd edib ki, qlobal təhlükəsizlik arxitekturası artıq işləmir və mövcud təhdidlər qarşısında aciz qalır:

"Regional güc mərkəzlərinin və müdafiə bloklarının formalaşması prosesi sürətlənib. Belə bir şəraitdə Türkiyə və Pakistanın Səudiyyə Ərəbistanının yanında yer alması və onu dəstəkləməsi tamamilə anlaşılandır. Çünki tərəflər arasında üçtərəfli saziş mövcuddur və onlar üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməlidirlər. Başqa sözlə, Türkiyə və Pakistan Səudiyyə Ərəbistanının üzləşdiyi xarici təcavüzə laqeyd qala bilməzlər".

Onun sözlərinə görə, Məkkə sazişi ilə bağlı kifayət qədər iradlar, müxtəlif fikirlər, hətta sazişin səmərəsizliyi ilə bağlı ehtimallar var:

"Məkkə sazişinin praktiki olaraq işləməsi artıq zərurətə çevrilib. Əks halda, bu blokun ictimai əhəmiyyəti azalacaq, onun real siyasi və təhlükəsizlik faktoruna çevrilmədiyi barədə mülahizələr daha da güclənəcək. Yəni tərəflər baş verənlərə adekvat reaksiya verməlidirlər".

Müsahibimiz düşünür ki, Pakistan və Türkiyənin Səudiyyə Ərəbistanı ərazisində öz hərbi kontingentlərini yerləşdirmək qərarı məhz bu zərurətdən irəli gəlir:

"Bu addım hələlik birbaşa müharibəyə qoşulmaq və ya husilərə qarşı hərbi əməliyyatlara başlamaq anlamına gəlmir. Daha çox husiləri çəkindirməyə yönəlmiş bir mesaj xarakteri daşıyır: “Biz Səudiyyə Ərəbistanının yanındayıq. Hücumlar davam edəcəksə, biz də prosesə müdaxilə edəcəyik”. 

Əli Mustafa, həmçinin əlavə edib ki, Yəmən hökuməti artıq husilərə qarşı hərbi əməliyyatlara başlayıb və bu prosesdə müxtəlif dövlətlərin dəstəyi mövcuddur.

Onun qənaətincə, Məkkə sazişinin etibarlılığını və nüfuzunu qorumaq baxımından Türkiyə və Pakistanın atdığı bu addım son dərəcə doğrudur.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında Məkkə Birgə Müdafiə Sazişi bu il avqustun 7-də imzalanıb. Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndirilir.

Jalə Rövşən 

XƏBƏR LENTİ
06 OKTYABR 2026
Bütün Xəbərlər