Paşinyan həm Konstitusiyanı dəyişir, həm də orduya milyardlarla dram ayırır...
Ermənistanda son bir həftənin siyasi gündəmi yeni Konstitusiya layihəsi, Azərbaycanla sülh prosesi, TRIPP layihəsi və ordunun maliyyələşdirilməsi ətrafında formalaşıb. Ölkənin həm hakimiyyətə yaxın, həm də müxalifət mediasında müzakirə olunan əsas məsələlər İrəvanın gələcək siyasi kursu, Moskva ilə münasibətləri və regionda dəyişən geosiyasi mənzərədir.

Həftənin ən çox müzakirə olunan mövzusu Baş nazir Nikol Paşinyanın yeni Konstitusiya ilə bağlı açıqlamalarıdır. Baş nazir sənədin ilkin mətninin noyabrın 23-də ictimaiyyətə təqdim ediləcəyini bildirib. Hakimiyyət bu dəyişiklikləri Ermənistanın siyasi gələcəyinin yenidən müəyyənləşdirilməsi, ölkənin müharibə ritorikasından uzaqlaşaraq sülh və inkişaf mərhələsinə keçməsi kimi təqdim edir.
Paşinyan hətta siyasi gələcəyini yeni Konstitusiyanın qəbulundan asılı vəziyyətə salıb. O, sənəd referendumda qəbul edilməyəcəyi təqdirdə istefa verəcəyini açıqlayıb. Baş nazir Azərbaycanla sülh müqaviləsi imzalandıqdan sonra da vəzifədən getməyə hazır olduğunu bildirib. Bu bəyanatlar Ermənistanın daxili siyasətində qarşıdakı referendumun nə qədər mühüm yer tutacağını göstərir.
Yeni layihənin müzakirə olunan müddəalarından biri də Təhlükəsizlik Şurasının ləğvidir. Paşinyan bunu dövlət idarəçiliyinin yenilənməsi zərurəti ilə əsaslandırır. Müxalifət isə Konstitusiya dəyişikliklərinə fərqli yanaşır. Müxalifətə yaxın nəşrlər Müstəqillik Bəyannaməsinə istinadın sənəddən çıxarılması ehtimalını milli kimlikdən geri çəkilmə kimi qiymətləndirir, dəyişiklikləri Azərbaycan və Türkiyənin tələblərinə güzəşt kimi təqdim edirlər.
Xarici siyasətdə isə diqqət əsasən TRIPP layihəsinə yönəlib. Ermənistanla ABŞ arasında əldə olunmuş razılaşmalar çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan bu marşrutun dəmir yolu və digər nəqliyyat infrastrukturu ilə bağlı detalları müzakirə olunub. Noyabrın 19-da ABŞ-ın AECOM şirkəti dəmir yolu üzrə ilkin araşdırmaları və mümkün investisiya imkanlarını nəzərdən keçirib.
Paşinyanın açıqlamalarında enerji infrastrukturu da xüsusi yer tutub. O, Ermənistanın elektrik şəbəkələrinin Azərbaycan və Türkiyənin enerji sistemlərinə birləşdirilməsi imkanlarından danışıb. Bu istiqamətdə mümkün inteqrasiya regional kommunikasiyaların bərpası ilə yanaşı, Ermənistanın iqtisadi əlaqələrinin də yenidən qurulması baxımından əhəmiyyət daşıyır.
İrəvanın Ankara ilə münasibətlərində də müəyyən irəliləyiş mesajları verilib. Noyabrın 19-da Ermənistan tərəfi Türkiyə ilə sərhədlərin açılmasına hazır olduğunu bəyan edib. Bununla yanaşı, Sünik bölgəsində baş verdiyi iddia edilən sərhəd insidenti ilə bağlı xəbərlər yerli mediada müzakirələrə səbəb olub. Almaniyanın xarici işlər naziri İohan Vadefulun regiona səfəri də Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı çağırışları yenidən gündəmə gətirib.
Moskva ilə münasibətlərdə isə diplomatik dəyişiklik diqqət çəkib. Ermənistanın Rusiyadakı səfiri dəyişdirilərək Qurgen Arsenyanın yerinə Samvel Mkrtçyan təyin olunub. Bu qərar Rusiya-Ermənistan münasibətlərində son dövrlər müşahidə olunan soyuqluq fonunda İrəvanın diplomatik xəttində yeni mərhələnin göstəricisi kimi şərh edilir.
Eyni zamanda, Ermənistan Qərblə hərbi və iqtisadi əməkdaşlığını genişləndirməyə çalışır. Almaniya ilə hökumətlərarası iqtisadi məsləhətləşmələr və müdafiə sahəsində görüşlər keçirilib. İtaliya ilə 2027-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramı imzalanıb, Brüsseldə isə Aİ-Ermənistan münasibətləri və Horizon Europe proqramı çərçivəsində əməkdaşlıq müzakirə olunub.
Həftənin digər mühüm istiqaməti Ermənistanın 2027-ci il dövlət büdcəsi olub. Parlamentdə müzakirəyə çıxarılan layihəyə əsasən, müdafiə xərclərinin 616 milyard drama çatdırılması nəzərdə tutulur. Bu, əvvəlki göstərici ilə müqayisədə 53 milyard dram artım deməkdir. Müdafiə naziri Suren Papikyan artımı qonşu ölkələrin hərbi xərcləri ilə əsaslandırıb.
İrəvan bir tərəfdən Azərbaycanla sülh prosesini və regional kommunikasiyaların açılmasını gündəmə gətirir, digər tərəfdən isə müdafiə büdcəsini artırmaqda davam edir. Bu iki istiqamət Ermənistanın təhlükəsizlik siyasətində paralel prioritetlər olaraq qalır.
2027-ci il üçün nominal ÜDM-in 13,6 trilyon dram səviyyəsində proqnozlaşdırılması da iqtisadi müzakirələrin əsas mövzularından olub. Maliyyə Nazirliyi 2021-ci illə müqayisədə iqtisadiyyatın nominal həcminin iki dəfə artacağını gözləyir. Bununla yanaşı, Mərkəzi Bankın sədri Rusiya qazının qiymətində şərti 10 faizlik artımın Ermənistanda inflyasiyanı 0,6 faiz yüksəldə biləcəyini bildirib. Bu proqnoz ölkənin enerji asılılığının iqtisadi sabitlik üçün yaratdığı riskləri bir daha gündəmə gətirib.
Orduda baş verən hadisələr də diqqətdən kənarda qalmayıb. Növbəti qış çağırışının tarixləri təsdiqlənib, noyabrın 19-da isə bir hərbçinin güllə yarasından ölməsi orduda nizam-intizam və xidmət şəraiti ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Hökumətin texnoloji inkişafla bağlı planları da həftənin əsas xəbərləri sırasındadır. Noyabrın 20-də Milli Robototexnika və Fiziki Süni İntellekt Mərkəzinin açılışı keçirilib. Ermənistan hakimiyyəti ölkəni süni intellekt və robototexnika sahəsində regional mərkəzə çevirmək niyyətini açıqlayıb.
Ümumilikdə, ötən həftə Ermənistan mediasında iki fərqli siyasi xətt üzə çıxıb. Hakimiyyət yeni Konstitusiya, sülh prosesi, TRIPP və texnoloji inkişafı ölkənin gələcək inkişaf modelinin əsas elementləri kimi təqdim edir. Müxalifət isə Konstitusiya dəyişikliklərinin milli və tarixi prinsiplərə təsirini, dövlət borcunu və təhlükəsizlik məsələlərini ön plana çəkir.
Paşinyan hökuməti qarşıdakı dövr üçün həm daxili siyasi legitimliyini yeni Konstitusiya referendumu ilə möhkəmləndirməyə, həm də xarici siyasətdə Qərblə yaxınlaşmanı və regional iqtisadi inteqrasiyanı genişləndirməyə çalışır. Bununla belə, müdafiə xərclərinin artırılması göstərir ki, İrəvan sülh gündəliyini təhlükəsizlik məsələlərindən ayrı nəzərdən keçirmir.
Jalə Rövşən