Azərbaycan Borçalını təcili İran təsirindən azad etməlidir

Azərbaycan Borçalını təcili İran təsirindən azad etməlidir
23.11.2026 11:18 Təhlil

Tarixçi-alim, “Borçalı” Cəmiyyətinin yaradıcılarından biri Xaləddin İbrahimli son günlər Borçalı ətrafında gedən müzakirələrə münasibət bildirərək bölgənin iqtisadi və siyasi gələcəyi ilə bağlı bir sıra təkliflər irəli sürüb. TodayPress.tv İbrahimlinin sosial şəbəkə hesabında paylaşdığı yazıda əksini tapan təklifləri təqdim edir.

İbrahimli Borçalı azərbaycanlılarının 1980-ci illərin sonundan başlayan ağır dövrdə yurdlarında öz gücləri ilə qaldıqlarını xatırladıb. O, prosesin içində yaşadığını, “Borçalı” Cəmiyyətinin o illərdə soydaşların hüquqlarını və təhlükəsizliyini qorumaq üçün gecə-gündüz çalışdığını qeyd edib. Bu təcrübəyə əsaslanaraq bölgədə ictimai təşkilatlanmanın gücləndirilməsini və icma təşkilatlarına dəstəyin vacibliyini vurğulayıb.

İbrahimlinin fikrincə, Azərbaycanın iştirakı ilə həyata keçirilən böyük regional layihələrdən heç olmasa birinin Borçalı ərazisindən keçməsi bölgənin iqtisadi həyatını, sosial rifahını və siyasi fəallığını köklü şəkildə dəyişə bilər. O, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Qars dəmir yolunu nümunə gətirərək gələcək layihələrin planlaşdırılmasında Borçalının nəzərə alınmasını təklif edib.

Alim Azərbaycan-Gürcüstan quru sərhədinin bərpası məsələsinə də toxunub. Onun sözlərinə görə, Borçalı əhalisinin bir hissəsi sərhədyanı ticarətlə dolanırdı və sərhədin 6 ildir bağlı qalması bu imkanları aradan qaldırıb. İbrahimli sərhəd ticarətinin bərpasını bölgə üçün həyati məsələ kimi dəyərləndirib. O, bu boşluqdan İranın Ermənistan üzərindən yararlandığını da diqqətə çatdırıb.


İbrahimli Türkiyə ilə bağlı iki konkret təklif irəli sürüb: Çıldır sərhəd qapısının aktivləşdirilməsi və Qarsla Qazağı birləşdirəcək avtobanın çəkilməsi. Onun hesablamasına görə, Qarsdan Qazağa məsafə təxminən 150 kilometrdir. Alim Borçalını Ermənistanla Gürcüstan arasında tampon bölgə, Türkiyənin Azərbaycana ən yaxın quru keçidi və Zəngəzur dəhlizi ilə müqayisədə də strateji dəyəri olan ərazi kimi xarakterizə edib.

İbrahimli bölgənin coğrafi vəziyyətinə diqqət çəkərək xatırladıb ki, hazırda Türkiyədən Gürcüstana açıq olan Posof qapısı ermənilərin yaşadığı Axalkalaki istiqamətinə gedir, Azərbaycan tərəfdən isə quru sərhəd bağlıdır. Onun fikrincə, belə olan halda Borçalının xarici dünya ilə əsas quru əlaqəsi Ermənistan üzərindən qalır və İran bu yoldan fəal istifadə edir. Alim Azərbaycan və Türkiyə tərəfdən qapıların açılmasını bu vəziyyətə qarşı ən təsirli addım hesab edir.

İbrahimli yazısında Borçalı əhalisinin məzhəbçiliyə meyilli olmadığını xüsusi vurğulayıb:

“Borçalıda məzhəb çatışması olan deyil, buranın əhalisinin məzhəbçilik heç vecinə olmayıb, indi də deyil… Buralar İranın təsirinə də düşən deyil. İnsanlar sadəcə alverlərini edir, yeri gələndə mollaları hərifləyirlər.”

Alim bölgə əhalisini cəhalətdə saxlamağa yönələn cəhdlərin uğursuzluğa məhkum olduğunu bildirib. Onun sözlərinə görə, borçalılar Yaponiyadan Kanadaya, Çiliyə qədər dünyanın müxtəlif ölkələri ilə ticarət əlaqələri qurublar və bölgənin gələcəyindən narahat olanlar rahat ola bilərlər.

İsmayıl Şıxlı

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər