Maaşda Bakını üstələyən şəhər və rayon hansıdır?

Maaşda Bakını üstələyən şəhər və rayon hansıdır?
23.11.2026 22:42 Sosial

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əmək haqqının ən yüksək olduğu şəhər və rayonların siyahısına Xankəndi şəhəri başçılıq edib. Burada göstərici 1 658,8 manat təşkil edib. Daşkəsən rayonu 1 543,6 manatla ikinci, Bakı şəhəri isə 1 479,4 manatla üçüncü yerdə qərarlaşıb.

TodayPress TV Trend-ə istinadən xəbər verir ki, bu barədə 2026-cı il oktyabrın 1-nə olan vəziyyətə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin sayı, orta aylıq nominal əmək haqqı və qeydiyyata alınmış işsiz şəxslərin sayına dair statistik məlumatlarda bildirilib.

Məlumata əsasən, ölkə üzrə orta aylıq nominal əmək haqqı 1 172,7 manat olub. Bu göstərici Xankəndidə ölkə ortalamasından 486,1 manat, Daşkəsəndə 370,9 manat, Bakıda isə 306,7 manat yüksəkdir.

Orta aylıq nominal əmək haqqının ən yüksək olduğu ilk 10 şəhər və rayon aşağıdakı kimidir:

Xankəndi şəhəri – 1 658,8 manat

Daşkəsən rayonu – 1 543,6 manat

Bakı şəhəri – 1 479,4 manat

Şuşa rayonu – 1 144,7 manat

Xocalı rayonu – 1 138,8 manat

Zəngilan rayonu – 1 089,8 manat

Gədəbəy rayonu – 1 023 manat

Sumqayıt şəhəri – 981,6 manat

Naxçıvan şəhəri – 953,9 manat

Şirvan şəhəri – 953 manat.

Siyahıdan görünür ki, paytaxtdan sonra ən yüksək göstəricilər əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşən inzibati vahidlərdə və Daşkəsən rayonunda qeydə alınıb. Bununla belə, həmin ərazilərdə muzdla çalışanların sayı Bakı ilə müqayisədə xeyli azdır. Məsələn, Xankəndidə 1,9 min, Daşkəsəndə 4,7 min, Bakıda isə 1 milyon 4,6 min nəfər muzdla çalışıb.

Digər tərəfdən, orta aylıq nominal əmək haqqının ən aşağı olduğu ərazilər də məlum olub. Ən aşağı göstərici Qax rayonunda qeydə alınıb – 586,4 manat. Xızı rayonunda bu məbləğ 655,7 manat, Ağstafada 657,1 manat, Balakəndə 659 manat, Ağcabədidə 660,5 manat, Masallıda isə 660,8 manat təşkil edib.

İqtisadi rayonlar üzrə göstəricilərə gəlincə, Bakı şəhəri ayrıca nəzərə alınmadıqda, ən yüksək orta aylıq nominal əməkhaqqı Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb – 912,9 manat. Naxçıvan iqtisadi rayonunda bu göstərici 864,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 845,4 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 823,5 manat olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər təşkil edib.

XƏBƏR LENTİ
23 NOYABR 2026
Bütün Xəbərlər