Səssiz işğalın yeni forması: Borc diplomatiyası...
Böyük güclər təsir dairələrini genişləndirmək üçün artıq təkcə hərbi vasitələrlə kifayətlənmirlər. İndi daha səssiz, lakin effektiv alətə - maliyyə və borc mexanizmlərinə üstünlük verirlər. İqtisadi cəhətdən zəif və ya böhran vəziyyətində olan ölkələrə verilən irihəcmli kreditlər ilk baxışda inkişaf və dəstək kimi təqdim olunsa da, geri ödəmə mərhələsində mənzərə dəyişir. Nağd ödəniş imkanı olmayan dövlətlər borc əvəzinə strateji infrastrukturunu, limanlarını, mədənlərini və təbii sərvətlərini kreditorların nəzarətinə vermək məcburiyyətində qala bilirlər.
Bu mexanizmin nümunələrindən biri Qərbi Afrikada - Seneqalda müşahidə olunur.
Çin son illərdə Seneqalda infrastruktur və digər layihələrin maliyyələşdirilməsi üçün irihəcmli kreditlər ayırıb. Faiz dərəcələri çox yüksəkdir və Çin bu kreditlərin heç vaxt geri qaytarılmayacağını çox yaxşı bilirdi.
Seneqal borcu ödəyə bilmədikdə, hazırda ölkədəki balıqçılıq sektorunun böyük hissəsinə nəzarət edən Çin balıqçılıq şirkətlərinə lisenziyalar verməyə məcbur oldu. Bu gün ölkə sularında sənaye balıqçılığının böyük hissəsinin xarici donanmaların nəzarətində olduğu iddia edilir. Bu isə təkcə iqtisadi asılılıq deyil, həm də yerli balıqçıların dolanışıq imkanlarının zəifləməsi və əhalinin əsas ərzaq mənbələrindən birinin təhlükə altına düşməsi deməkdir.
Seneqal hadisəsi bu baxımdan yeganə nümunə deyil. Dünyanın müxtəlif regionlarında borc və investisiya öhdəliklərinin strateji aktivlərlə əlaqələndirildiyi bir sıra diqqətçəkən hallar yaşanıb.
Şri-Lankada Çin kreditləri hesabına tikilən strateji Hambantota limanının borc yükü ölkə üçün ciddi problemə çevrilib. Nəticədə rəsmi Kolombo limanın idarəçiliyini 99 il müddətinə Çin şirkətinə verib.
Zambiya və Konqo Demokratik Respublikasında da xarici borclar, təbii sərvətlər və mədən sənayesi ətrafında mübahisələr mövcuddur. Mis və kobalt yataqları ilə zəngin bu ölkələrdə milyardlarla dollarlıq investisiya və kredit müqavilələri hasilat və ixrac məsələlərini də gündəmə gətirib. Xüsusilə Konqo Demokratik Respublikasında infrastruktur layihələrinin mineralların hasilatı ilə əlaqələndirildiyi müqavilələr uzun müddət mübahisələrə və yenidən danışıqlara səbəb olub.
Laosda artan xarici borc yükü fonunda milli elektrik ötürücü şəbəkəsinin idarəçiliyində xarici tərəfdaşın mövqeyi güclənib. Bu vəziyyət ölkənin enerji təhlükəsizliyi və iqtisadi suverenliyi ilə bağlı suallar yaradıb.
Latın Amerikasında isə Ekvador və Venesuela nümunələri diqqət çəkir. Bu ölkələr əvvəlki illərdə əldə etdikləri kreditlərin qaytarılması üçün neft hasilatının müəyyən hissəsini kreditorlarla bağladıqları müqavilələrə daxil ediblər. Nəticədə neft qiymətlərinin aşağı düşdüyü dövrlərdə belə, hasil edilən xammalın bir hissəsi dövlət büdcəsinə deyil, borc ödənişlərinə yönəldilib.
Bu qlobal tendensiyanı hazırda ən həssas və mürəkkəb formada Ukrayna nümunəsində müşahidə etmək mümkündür. Seneqalda proses dinc dövrdə infrastruktur kreditləri üzərindən gedirdisə, Ukraynada bu, dağıdıcı müharibə və ölkənin dövlətçiliyini qorumaq uğrunda mübarizəsi fonunda baş verir.
Müharibə nəticəsində iqtisadiyyatı ağır zərbə alan və dövlət borcu kəskin artan Ukraynanın aldığı milyardlarla dollarlıq maliyyə dəstəyini, eləcə də gələcəkdə yenidənqurma üçün ayrılacaq vəsaitləri ənənəvi qaydada ödəməsi ciddi iqtisadi çətinliklər yarada bilər. Məhz bu nöqtədə Seneqal nümunəsindəki balıqçılıq lisenziyalarını Ukrayna üçün nadir torpaq metalları, enerji infrastrukturu və kənd təsərrüfatı resursları əvəz edir.
Ukraynanın litium, titan, qrafit və uran ehtiyatları Qərb ölkələrinin diqqətini çəkən əsas strateji resurslar sırasındadır. Müasir texnologiyalar və müdafiə sənayesi üçün əhəmiyyətli olan bu sərvətlərə çıxış məsələsi Ukraynaya göstərilən dəstəyin iqtisadi və strateji tərəfləri ilə bağlı müzakirələrdə də yer alır. Beləliklə, ölkənin mineral ehtiyatları müharibədən sonrakı iqtisadi münasibətlərin mühüm istiqamətlərindən birinə çevrilir.
Digər mühüm məsələ Ukraynanın kənd təsərrüfatı sektorudur. Dünyanın ən məhsuldar torpaqlarının bir hissəsinə sahib olan ölkədə torpaq bazarının açılması və müharibənin yaratdığı maliyyə çətinlikləri iri beynəlxalq aqroholdinqlərin və investisiya fondlarının mövqelərini gücləndirə bilər. Bu isə gələcəkdə kənd təsərrüfatı resurslarının idarə olunması və milli maraqların qorunması məsələsini daha da aktuallaşdıracaq.
Maraqlıdır ki, müharibədən əvvəl Çin də Ukraynada oxşar iqtisadi model üzrə mövqelərini genişləndirməyə çalışıb. 2012-ci ildə imzalanan 3 milyard dollarlıq “taxıl qarşılığında kredit” razılaşması və Pekinin strateji əhəmiyyətli “Motor Sich” aviamühərrik zavodunu almaq cəhdi bunun nümunələri kimi göstərilir. Lakin ABŞ-ın müdaxiləsindən sonra Kiyev Çinin zavodu əldə etməsinə imkan verməyib. Hazırda isə Ukraynanın bərpası və strateji aktivlərinin gələcək idarəçiliyi məsələsində Qərb dövlətləri və beynəlxalq maliyyə institutları əsas tərəflər sırasında yer alır.
Seneqal ilə Ukrayna arasında fundamental fərq var. Seneqalın üzləşdiyi problemlər iqtisadi və maliyyə öhdəlikləri ilə bağlı olduğu halda, Ukrayna ekzistensial müharibə aparır və xarici maliyyə-hərbi dəstəyi olmadan dövlətçiliyini qorumaqda ciddi çətinliklərlə üzləşərdi.
Bununla belə, istər Afrikada, istər Asiyada, istərsə də Şərqi Avropada böyük maliyyə axınlarının arxasında uzunmüddətli iqtisadi və strateji maraqlar dayanır. Müharibə başa çatdıqdan sonra rəsmi Kiyevin qarşısında duracaq ən çətin sınaqlardan biri yalnız dağıdılmış şəhərləri və infrastrukturu bərpa etmək olmayacaq. Ukrayna eyni zamanda borc öhdəlikləri və xarici investisiya razılaşmaları fonunda strateji sərvətləri üzərində milli nəzarəti qorumağa çalışmalı olacaq.
Əks halda, siyasi müstəqillik uğrunda ağır bədəl ödəyən ölkənin iqtisadi müstəqilliyi uzun illər xarici kreditorların və investorların maraqlarından asılı vəziyyətə düşə bilər.
Jalə Rövşən